Analitika

“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycan sərhədlərinin bütövlüyünün təmin olunması deməkdir

“2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoymaqla yanaşı, ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Lakin Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulması ilə fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır: “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır”.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin məsələ ilə bağlı bütün diplomatik addımları milli maraqların qorunması naminə siyasi iradənin nümayişi oldu: “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir. Tarixi sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət qurumlarımızın nümayəndəliklərinin mövcudluğu hər bir azərbaycanlının qürur mənbəyidir. Bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanır. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayırlar”.

Oxşar Xəbərlər

Back to top button