AnalitikaGündəmSiyasət

Laçın şəhəri Qələbədən Bərpaya və Mədəni İnkişafa

26 avqust ölkəmizdə işğaldan azad edilmiş torpaqların dirçəlişinin, tarixi ədalətin bərpasının simvolu kimi qeyd olunur. Prezident İlham Əliyevin təsis etdiyi şəhər günləri, həmin bölgələrin inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Laçın şəhəri günü bu tarixdə qeyd olunur. Laçının azad olunması, xalqın sarsılmaz iradəsi və milli qüruru bu gündə bütün dünyaya nümayiş olunur. 44 günlük Vətən müharibəsinin ən mühüm nəticələrindən biri Laçın rayonunun azad edilməsi və 30 illik işğalın sona çatmasıdır.

Rayon hərbi-strateji baxımdan əhəmiyyətli olmaqla yanaşı, regional sabitlik və təhlükəsizliyin təmin olunması üçün vacib idi. 2020-ci il dekabrın 1-də Laçın Azərbaycana qaytarıldı, 2022-ci il avqustun 26-da isə tam nəzarətə alındı. 2023-cü ilin aprelində sərhəd-keçid məntəqəsinin istifadəyə verilməsi Azərbaycanın suverenliyini və sərhəd təhlükəsizliyini möhkəmləndirdi.

“Laçın Beynəlxalq Hava Limanı” regionu Azərbaycanın digər bölgələri və beynəlxalq məkanla birləşdirir, turizm və iqtisadi imkanları artırır. “Böyük Qayıdış” proqramı çərçivəsində sakinlərin qayıdışı isə həm sosial-iqtisadi, həm də milli-mənəvi əhəmiyyət daşıyır.

Laçın artıq yalnız azad edilmiş şəhər deyil, həm də beynəlxalq mədəniyyət mərkəzi rolunu oynayır. 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması bölgənin mədəni diplomatiyada önəmli yer tutduğunu göstərir. Bu şəhər müasirliklə tarixi birləşdirərək Azərbaycanın inkişaf yolunda uğurlu nümunədir.

Fatimə Axundzadə,
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button