Laçın rayonuna ilk böyük qayıdış başlandı
Gözəlliyi ilə özünə heyran edən Laçın artıq azaddır. 2020-ci il dekabrın 1-də Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu 28 illik işğaldan azad olunub və bununla bütün Laçınlıların həsrətinə son qoyulub.
Laçın rayonunun bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdi. Ancaq Laçın şəhəri Azərbaycanın nəzarətindən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçir və buna görə Azərbaycan Laçın şəhərini nəzarətə götürə bilməmişdi. Lakin 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təkidi ilə alternativ yolun çəkilişi sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılması qərara alındı.
Artıq 31 illik həsrətə son qoyularaq Laçın rayonuna ilk köç başlandı. Uzun illərdir ki, yurd həsrəti ilə yaşasalar da, məcburi köçkünlər daim dövlət qayğısı ilə əhatə olunublar. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülür. Laçına ilk köç karvanı mayın 27-də Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra prezident cənab İlham Əliyevin göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş evlərdə məskunlaşacaqlar. Laçında bütün lazımi şərait yaradılıb. Hər şey çox böyük zövqlə yaradılıb ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Şəhərdə tibb məntəqəsi hazırlanır, yeni məktəb binası da mövcuddur.
Onu da qeyd edək ki, müharibə tarixdə qalıb, münaqişə həll olunub. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətlə bərpa və yenidənqurma işlərini həyata keçirir. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin görülməsi, “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi bizim gücümüzü, məqsədimizi, birliyimizi, xalqımızın böyüklüyünü bir daha sübut edir. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, xalqımızın birliyi və ordumuzun əzmi ilə ölkəmiz istədiyi bütün hədəflərə nail ola bilmə bacarığına sahibdir və qarşıya qoyulan bütün məqsədlər icra ediləcəkdir.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.