Laçın rayonu günü gündən çiçəklənir
Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşən Laçın rayonu dekabrın 1-də, 28 ildən sonra Azərbaycana qaytarılıb.
Rayon 1992-ci il 18 maydan etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. Rayon ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir.
Ərazidə IX- XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları var.
Bu tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir, Laçın Rayon İcra Hakimiyyətinin saytında bildirilir.
Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb.
Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü “məğrurluq” mənasındadır.
Laçın rayonu noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə Bəyanat imzalandıqdan sonra geri qaytarılır.
Həmin Bəyanata əsasən Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək 5 kilometr enliyində dəhliz Laçın ərazisindən keçəcək. Bu dəhliz Şuşa şəhərinə toxunmayacaq və ona nəzarəti Rusiya sülhməramlı kontingenti edəcək.
Bundan başqa, növbəti 3 il ərzində tərəflərin razılığı əsasında Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bundan asılı olaraq, həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi də nəzərdə tutulur.
Rayon qaytarılmazdan bir müddət əvvəl Ermənistan mediası Laçın şəhərində və iki kənddə erməni əhalisinin qalacağına dair iddialara dair xəbərlər çap edib. Azərbaycan rəsmiləri buna şərh verməyib. Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc Laçın rayonunun bütövlükdə təhvil verilməməsinə dair ehtimalları rədd edib.
28 il ərzində işğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə. məhəl qoymayıb.
Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməklə həm BMT Təhlükəsizlik Şurasının yerinə yetirmədiyi missiyası həyata keçirib, həm də tarixi ədaləti bərpa edib.
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı