Laçın: Azadlıqdan Başlayan Qlobal Tərəqqi Yolçuluğu

Azərbaycan Respublikasının yaxın tarixinin ən əlamətdar və qürurlu tarixlərindən biri olan 26 avqust – Laçın Şəhəri Günü xalqımızın sarsılmaz iradəsinin və tarixi ədalətin bərpasının simvoludur. Otuz ilə yaxın davam edən erməni işğalı dövründə ağır dağıntılara və etnik təmizləməyə məruz qalan bu strateji diyar, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfər nəticəsində azadlığına qovuşmuşdur. Üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu, 2022-ci il avqustun 26-da ise Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürülmüş, minlərlə hərbçimiz “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
İşğal illərində rəsmi İrəvan Cenevrə konvensiyalarını kobudcasına pozaraq regionun demoqrafik tərkibini dəyişmiş, coğrafi adları saxtalaşdırmış və zəngin maddi-mədəni irsimizi vandalizmə məruz qoymuşdur. Lakin bu gün azad olunan Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri bölgəni Cənubi Qafqazın inkişaf mərkəzinə çevirmişdir. Rayonun enerji təminatını tam olaraq yaşıl enerji hesabına həyata keçirmək üçün Həkəri və Zabux çayları üzərində kiçik su elektrik stansiyaları inşa edilmiş, həmçinin “Həkəriçay” su anbarının təməli qoyulmuşdur.
Dəniz səviyyəsindən 1700 metr hündürlükdə inşa edilərək 2025-ci ildə istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı və Kəlbəcər-Laçın avtomobil yolu regionun logistika və turizm imkanlarını qlobal səviyyəyə yüksəltmişdir. Laçın Aqro-Sənaye Parkı çərçivəsində fəaliyyətə başlayan mebel, tikiş, ayaqqabı fabrikləri və “Həkəri Balıq Təsərrüfatı” yerli sakinlərin məşğulluğunu təmin edərək iqtisadiyyatın güclənməsinə xidmət edir. Eyni zamanda, “Böyük Qayıdış” Dövlət Proqramı əsasında minlərlə laçınlı otuz ildən sonra doğma yurdlarına qayıdaraq müasir evlərdə daimi məskunlaşmışdır.
Zabux, Sus və Bəylik kəndləri ən yüksək standartlarla yenidən qurulmuş, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və sosial obyektlər sakinlərin istifadəsinə verilmişdir. Laçın şəhərində təsdiq edilən Baş Plan əsasında tətbiq olunan “15 dəqiqəlik şəhər” prinsipi vətəndaşların rahatlığı üçün hər cür şərait yaradır. Şəhərin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması və beynəlxalq səviyyəli zirvə görüşlərinə ev sahibliyi etməsi onun qlobal miqyasda nüfuzunu daha da artırmışdır.
Laçının timsalında bütün Şərqi Zəngəzurun sürətlə dirçəlməsi Azərbaycanın iqtisadi qüdrətinin və quruculuq siyasətinin parlaq təzahürüdür. Bu qədim diyar bu gün sülhün, əməkdaşlığın və dayanıqlı inkişafın təntənəsini yaşayır. İşğaldan azad edilən hər bir kənd və şəhər xalqımızın qələbə əzmini əbədiləşdirərək gələcək nəsillərə ötürülən qiymətli irsə çevrilmişdir.
Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini



