
Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü humanizm, ədalət və hüququn aliliyinə əsaslanan dövlət yanaşmasının bariz nümunəsidir.
Amnistiya təşəbbüsü Konstitusiyanın ruhuna, onun insan hüquqlarını qoruyan əsas prinsiplərinə uyğun olmaqla yanaşı, cəmiyyətin sosial ədalətə olan inamının möhkəmləndirilməsinə xidmət edir. Bu addım dövlətin cəza siyasətində təkcə cəzalandırma deyil, eyni zamanda islah, yenidən cəmiyyətə qazandırma və humanist yanaşmanı ön planda saxladığını nümayiş etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən bu qərar hüquqi dövlət anlayışının praktik təzahürü kimi qiymətləndirilə bilər.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsü xüsusi məna daşıyır. Çünki müstəqil Azərbaycanın suverenliyinin tam bərpa edilməsi, ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, ölkədə hüquqi və siyasi sabitliyin möhkəmləndirilməsi prioritet vəzifələr sırasındadır. Bu təşəbbüs dövlətlə vətəndaş arasında etimadın daha da güclənməsinə, cəmiyyətin humanist dəyərlər ətrafında birləşməsinə töhfə verir.
Amnistiya aktı, adətən, az ağır cinayətlərə görə məhkum olunmuş şəxsləri, qadınları, azyaşlı övladı olanları, yaşlıları, sağlamlıq imkanları məhdud şəxsləri və ilk dəfə cinayət törətmiş şəxsləri əhatə edir. Bu da sosial həssas qruplara dövlət qayğısının real ifadəsidir. Eyni zamanda, amnistiya cəzaçəkmə müəssisələrində yükün azalmasına, islah prosesinin daha səmərəli təşkilinə imkan yaradır.
Prezident İlham Əliyevin bu təşəbbüsü Azərbaycan dövlətinin gücünü təkcə hərbi və siyasi müstəvidə deyil, hüquqi və mənəvi dəyərlər sistemində də nümayiş etdirir. Suverenliyini tam bərpa etmiş, Konstitusiya prinsiplərinə sadiq olan Azərbaycan humanizm və ədalət meyarlarını qorumaqla beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir.
Nəticə etibarilə, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin mahiyyətini – güclü, ədalətli və humanist dövlət modelini əks etdirir. Bu addım həm hüquqi sistemin təkmilləşdirilməsinə, həm də cəmiyyətin sağlamlaşmasına xidmət edən mühüm siyasi-hüquqi qərar kimi tarixə düşür.
Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



