
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ölkəmizin dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir. Bu gün, müstəqil Azərbaycanın hüquqi əsaslarının rəsmi şəkildə təsbit olunduğu, demokratik inkişafın təməl daşının qoyulduğu gündür. Azərbaycan Respublikasının Konstitusiya Günü hər il 12 noyabr tarixində qeyd olunur. Bu əlamətdar gün 1995-ci ildə keçirilmiş ümumxalq səsverməsi nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə bağlıdır.
Bu sənəd, ölkənin hüquqi, siyasi və sosial sisteminin əsaslarını müəyyən edən, vətəndaşların hüquq və azadlıqlarını təmin edən Əsas Qanun kimi tarixə düşmüşdür. Konstitusiyanın hazırlanması və qəbul olunması prosesi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir. O, bu sənədin hazırlanmasına xüsusi diqqət yetirərək, Azərbaycanın müstəqil və demokratik dövlət kimi inkişafını təmin edəcək hüquqi bazanın formalaşdırılmasına nail olmuşdur.
1995-ci il 12 noyabrda keçirilən referendum nəticəsində qəbul edilən Konstitusiya, 27 noyabr tarixində qüvvəyə minmişdir. Azərbaycanın konstitusiya quruluşunun tarixi daha qədim dövrlərə, SSRİ dövrünə təsadüf edir. İlk Konstitusiya 1921-ci ildə qəbul olunmuş, daha sonra 1936 və 1978-ci illərdə yenilənmişdir. Lakin bu sənədlər sovet ideologiyasına əsaslandığı üçün müstəqil dövlətçilik prinsiplərini əks etdirmirdi. 1995-ci ildə qəbul edilən Konstitusiya isə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası kimi tarixə düşdü.Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Bu sənəd dövlətin idarəetmə forması, hakimiyyətin bölünməsi prinsipi, vətəndaşların hüquq və azadlıqları, iqtisadi və sosial əsaslar, məhkəmə hakimiyyəti və digər mühüm sahələri əhatə edir. Konstitusiya həmçinin dövlətin dünyəvi, hüquqi və demokratik xarakterini təsdiqləyir.
Konstitusiya vətəndaşlara geniş hüquq və azadlıqlar verir: söz və fikir azadlığı, sərbəst toplaşmaq hüququ, mülkiyyət hüququ, təhsil və səhiyyə hüquqları bu sənəddə əks olunmuş əsas prinsiplərdəndir. Eyni zamanda, Konstitusiya dövlət orqanlarının fəaliyyətini tənzimləyən əsas hüquqi çərçivə rolunu oynayır. 12 noyabr Konstitusiya Günü təkcə hüquqi sənədin qəbul edilməsi ilə deyil, həm də xalqın iradəsinin təntənəsi kimi dəyərləndirilir. Bu gün ölkə üzrə müxtəlif tədbirlər, konfranslar, seminarlar və maarifləndirici aksiyalar keçirilir. Məqsəd – vətəndaşlarda hüquqi maarifləndirməni artırmaq, Konstitusiyanın mahiyyətini və əhəmiyyətini cəmiyyətə çatdırmaqdır. Bu gün həm də dövlətçiliyimizin möhkəmlənməsi, hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunması istiqamətində atılan mühüm addımların təntənəsidir. Konstitusiya Günü, hər bir vətəndaş üçün hüquq və azadlıqlarının təminatçısı olan sənədin dəyərini xatırladan mühüm tarixdir.
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü, ölkəmizin müstəqillik yolunda atdığı ən mühüm addımlardan biri kimi tarixə düşmüşdür. Bu gün, hüquqi dövlətin əsasını təşkil edən Konstitusiyamızın qəbul edildiyi gündür və hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



