
Prezident İlham Əliyevin Kəlbəcərə səfəri tarixi ədalətin bərpasını, dövlət-ordu-xalq birliyini və gələcəyə yönəlmiş böyük inkişaf yolunu simvolizə edir. Kəlbəcərin azad olunması və 2023-cü ilin sentyabr əməliyyatları Azərbaycanın suverenliyinin tam bərpası, separatizmin kökünün kəsilməsi və milli təhlükəsizliyin təminatı deməkdir.
Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərdə infrastruktur, təhsil və sosial obyektlər sürətlə bərpa olunur. Şəhərə işıq, qaz, su xətləri çəkilib, yollar salınıb, mina təmizləmə işləri aparılıb. İlk yaşayış kompleksləri istifadəyə verilib, gələcəkdə 10 mindən çox insan üçün müasir mənzillər tikiləcək. Yeni məktəblər, modul tipli təhsil müəssisələri və sosial obyektlər isə bölgənin sosial-iqtisadi həyatını canlandıracaq.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın beynəlxalq səviyyədə qazandığı uğurlara diqqət çəkdi. Zəngəzur dəhlizinin açılması və Naxçıvanla quru bağlantısının təmin edilməsi ölkəmizin regional və qlobal əhəmiyyətini artırır. Kəlbəcərə dönüş yeni inkişaf dövrünün başlanğıcıdır və Azərbaycan bundan sonra da güclü dövlət, qalib xalq olaraq bölgədə sülhün, təhlükəsizliyin və tərəqqinin təminatçısı rolunu davam etdirəcək.
Yeni Azərbaycan Partiyasının fəalı
Günay Məlikova