Analitika

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

Vətənin ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.

Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında dəfələrlə xarici və daxili düşmənlərimiz tərəfindən dövlət çevrilişlərinə cəhdlər olunsa da, Heydər Əliyev bu cəhdlərin qan tökülmədən, müdrik və uzaqgörən, real, təmkinli və inamlı siyasəti ilə qarşısını aldı, vəziyyəti xalqın xeyrinə dəyişdi. Ulu Öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq səhifələrindən oldu. Azərbaycanı inkişaf edən, tənəzzüldən tərəqqiyə, vətəndaş müharibəsi astanasında olan ölkədən güclü vətəndaş həmrəyliyinin formalaşdığı diyara çevirdi. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı kimi Azərbaycanın müstəqillik tarixini yazan ümummilli liderimiz qısa zamanda demokratik əsaslara malik dövlət qurmaqla, misilsiz xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu ilə tariximizin parlaq səhifələrini yazdı.

Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda xalqımızın taleyində, azərbaycançılıq məfkurəsinin yaranmasında və inkişaf etdirilməsində elə bir rol oynayıb ki, xalq da onun bu əvəzsiz xidmətlərini əsrlər boyu unutmayacaq. Ulu Öndər bütün həyatı, fəaliyyəti boyu xalqa arxalanırdı və bu barədə də deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Beləliklə, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş dahi rəhbərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. “İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir” deyən Ulu Öndərin rəhbərliyi ilə respublikamızın iqtisadiyyatının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü il sentyabrın 20-də dünyanın ən böyük dövlətlərinin aparıcı şirkətləri ilə bütün təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olunması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi.

Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərib. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanıb. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olub.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Onun 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Və bu gün Ulu Öndər Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində ölkəmizdə təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. Prezident İlham Əliyev çıxışlarında da bu məqamı vurğulayarkən deyib: “Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir”.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button