Analitika

İslam dünyasının mədəniyyət paytaxtına ilk köç

Bildiyimiz kimi, artıq şanlı tarixə çevrilmiş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və komandanlığı ilə qazanılan şanlı tarixi qələbəmizdir.

2020-ci il noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan əzəli torpağımız qədim Şuşanın işğaldan azad edilməsinin ardınca Böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Qibtə ediləcək bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.

Prezident İlham Əliyevin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduğunu bütün dünyaya əyani şəkildə göstərdi. Rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə Vətənimizə, dövlətimizə və xalqımıza layiq olan dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Əsrlərlə yalanı, riyakarlığı dövlət strategiya və taktikasının əsası hesab edən mənfur Ermənistan siyasətçilərinin, qaniçən, ikiüzlü erməni xalqının iç üzünü açıb bütün dünyaya göstərdi.

Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “ İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! “ .

Azərbaycan Prezidentinin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəştli hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra bu Zəfərlə fəxr edəcək.

İşğaldan azad olunmuş ərazilərə “ Böyük Qayıdış “ planı çərçivəsində məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçü daha da sürətlənib. Onlarla köç karvanı Qarabağa yola salınır.  İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün şərait yaradılır. Qarabağda yeni şəhərlər, qəsəbələr salınır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir.

Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsində böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır. Təbiətin öz möcüzələrini əsirgəmədiyi bu şəhərin yetişdirdiyi şairlər, rəssamlar, memarlar, musiqiçilər ölkənin tarixi-mədəni irsinə öz töhfələrini vermişdirlər. Bu səbəbdən də Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.  Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamında vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.

2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.

2023- cü il sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “ İslam dünyasının mədəniyyət paytaxtı “ elan edilmişdir. Bu qərar İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür edən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamay məscidinin açılışı oldu. Çöl Qala məscidində bərpa işləri aparılır. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. 32 ildən sonra şuşalılar doğma Şuşa qayıtdılar. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 9-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.İlkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən Şuşa şəhərinə  20 ailə olmaqla 88 nəfər, Laçın rayonunun Sus kəndinə isə 20 ailə olmaqla 75 nəfər köçürülüb. 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub.

Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan Qafqazda iqtisadi, siyasi, hərbi cəhətdən aparıcı dövlətdir və hər kəs bizimlə hesablaşmalıdır. Qazaxın  1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir.

Biz heç vaxt müharibə istəməmişik , bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqalarımız lazım idi. Minsk qrupunun 28 ilədək fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlmişdir. Onların yalançı vədləri və fəaliyyətizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da , Amerika da .

Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasəimiz beynəlxakq hüquqa və ədalətə əsaslanır. Ermənistanda revanşist qüvvələr baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz.

Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər Şuşanı özlərinə doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, dağıtmayaydılar. Bir daş üstündə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq. Bu torpaqlarda bundan sonra daim sülh olacaq. Bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Bundan sonra bu torpaqlarda musiqi sədaları səslənsin.

Tağıyeva Aytən,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button