
2025-ci il aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər Azərbaycan-İran münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, regional əməkdaşlıq və təhlükəsizlik məsələlərinin də prioritet olduğunu bir daha təsdiqləmişdir.
Rəsmi qarşılanma mərasimindən sonra Prezident Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşlər keçirmiş, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Görüş zamanı ikitərəfli münasibətlərin qarşılıqlı hörmət, mehriban qonşuluq və əməkdaşlıq prinsipləri əsasında inkişaf etməsinin vacibliyi vurğulanmışdır.
Görüşlər zamanı regional sabitliyin təmin olunması və terrorizmə qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetirilmişdir. Hər iki tərəf regionda zorakılığın və dini ekstremizmin yayılmasının qarşısının alınması məqsədilə birgə fəaliyyətlərin zəruriliyini vurğulamışdır. Prezidentlər İslam dininin sülhsevər mahiyyətini birgə təşviq etməyi, gəncləri radikal fikirlərdən uzaq tutmağı vacib hesab etdiklərini qeyd etmişlər.
Səfərin əsas gündəm mövzularından biri də iqtisadi əməkdaşlıq olmuşdur. Prezidentlər energetika, kənd təsərrüfatı, nəqliyyat, ticarət, bankçılıq və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulamışlar. Bu kontekstdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi xüsusi yer tutmuşdur. Astara-Astara və Astara-Rəşt dəmir yollarının birləşdirilməsi istiqamətində işlərin sürətləndirilməsi barədə razılıq əldə olunmuşdur. Səfər çərçivəsində İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunmuşdur. Bu görüşdə tranzit potensialının artırılması, humanitar əməkdaşlıq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və regional iqtisadi inteqrasiya kimi məsələlərin müzakirə olunması planlaşdırılır.
Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında tarixi dostluq əlaqələrinin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın daha da artmasına və yeni əməkdaşlıq formatlarının yaranmasına xidmət etmişdir. Səfər, həmçinin, Cənubi Qafqaz regionunda sabitliyin və inkişafın təmin olunmasında İran və Azərbaycanın aktiv rol oynamaq niyyətini bir daha ortaya qoymuşdur.
Bu səfər yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və mənəvi dəyərlərə əsaslanan əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm addım hesab olunur.
Vüqar Qafurov
YAP Şəki rayon təşkilatının əməkdaşı