
Hələ ötən il Məsud Pezeşkianın İran İslam Respublikasının Prezidenti seçilməsi ölkəmizdə və regionda xüsusi maraqla qarşılanmışdı. Çünki cənab Pezeşkian Azərbaycan əsillidir və İran əhalisinin, təxminən, 40 milyona yaxını azərbaycanlıdır. Həmçinin, İran Azərbaycanın sərhəd qonşusu olmaqla yanaşı, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı kimi bir çox beynəlxalq müstəvilərdə tərədaşdır. Bütün bunlar iki ölkə arasında müxtəlif platformalı münasibətlərin sabitliyi, səmimiliyi və davamlılığını zəruri edir.
İranla Azərbaycan arasında dost münasibətlə yanaşı, zaman-zaman gərginliklər də baş verib. Lakin ölkələrin coğrafi mövqeyi, siyasi baxış bucağı bu gərginliklərin davamlı olmasının qarşısını alıb.
Səmimi desək, qonşu qonşunun külünə möhtacdır. İran da hər zaman şimal qonşusunun öz siyasəti, gələcəyi, inkişafı, Avropa, Rusiya və bu kimi dominant ölkələrlə münasibətlərinin sağlam olması üçün Azərbaycan kimi qonşuya hər zaman ehtiyacı olduğunu anlayıb. Çünki Azərbaycan həm region dövlətlərin beynəlxalq prioritetidir, həm də tarixən Şərqdən-Qərbə, Şimaldan-Cənuba uzanan maraqların kəsişdiyi nöqtədir.
Məhz bu maraq belə gərgin daxili siyasi dövrdə İran Prezidenti Məsud Pezeşkianı Azərbaycana səfərə vadar etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə həmkarını hörmətlə və mötəbər şəkildə qarşıladı. Cənab Prezident bildirdi ki, bu gün dövlətlərarası münasibətlərimiz mehriban qardaşlıq, dostluq təməli üzərində inkişaf edir: “İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”.
Prezident bildirib ki, qəbul edilmiş qərarların əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacağına əmindir: “Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutulur”.
İran prezidentinin səfəri çərçivəsində iki ölkənin diplomatik nümayəndələrinin arasında bir sıra vacib sənədlər imzalanıb. Bu razılaşmalara Siyasi Məsləhətləşmələr Proqramı, nəqliyyat sahəsində Anlaşma Memorandumu, Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə dair, Mədəni Mübadilə Proqramı və Media əməkdaşlığı daxildir. Bu əməkdaşlıqlar ölkələr və xalqlararası münasibətlərin sabitliyi üçün olduqca zəruridir. Bir azərbaycanlı olaraq ümid edirəm ki, gələcəkdə bu sənədlər arasında cənub soydaşlarımızın taleyi, doğma dildə təhsil alması və Azərbaycan dilindən sərbəst istifadə ilə bağlı qərarlar da öz yerini alacaq. Çünki 1813-cü ildən bəri İranın tərkibinə keçən Azərbaycan ərazilərində yaşayan soydaşlarımız hələ də doğma dilindən rahat şəkildə istifadə edə, təhsil ala bilmir. İran Prezidentinin ölkəmizə xoşməramlı səfərindən sonra, düşünürəm ki, tariximizdə qanayan yara kimi qalan “Gülüstan” və “Türkmənçay” müqavilələrinin məzmununa yenidən aydınlıq gətirilməli, bu istiqamətdə yeni sülh addımları atılmalıdır. Cənubi Azərbaycanın mədəni paytaxtı hesab olunan Təbrizlə Bakı arasında sərbəst mədəni əlaqələrin, qarşılıqlı gediş-gəlişlərin yaradılması bütün Azərbaycan xalqı üçün əvəzolunmaz hədiyyə sayılar. Qarabağın işğaldan azad edilməsindən sonra Cənab Ali Baş Komandanımızın şanına yaraşan növbəti addım məhz bu ola bilər!
Zümrüd Kərimova,
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi