İnkişafa gedən yol ədalətdən keçir
Azərbaycan ətrafda baş verən bütün hadisələrə baxmayaraq,inkişaf yolunda irəliləməkdə davam edir. Əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Qarabağdakı quruculuq işləri Azərbaycanın öz imkanları hesabına həyata keçirilir. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsinə, həm də,azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verilməsinə, bizim hərbi gücümüzün artırılmasına imkan verdi.
Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə sərf olunmuşdur. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir.Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə – bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir. İqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir.
Nəhayət ki, nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik. İlk növbədə, Qara dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq. Bu, ilk dəfədir Azərbaycan tarixində. Tankerlərə “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib.Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyi.
Artıq, Xəzərdəki gəmiqayırma imkanlarımıza yenidən baxmalıyıq. Qonşu ölkələrdən sifarişlər gəlir. Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza hesablanmışdır. Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var – həm bizim, həm də ki, qonşu ölkələrin. İstisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik.
Qonşu ölkələrlə və tərəfdaş ölkələrlə aparılan danışıqlar göstərir ki, Azərbaycan ərazisindən bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır. Bizim aşırma qabiliyyətimiz 15 milyon tona hesablanıb. Əvvəlki dövr üçün bu, kifayət idi. Bir-iki ildən sonra bu, çatmaya bilər.
Bu gün Azərbaycanda bir çox xarici şirkətlər fəaliyyət göstərir. Ölkəmizdə işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Azərbaycan qanunlarına, ekoloji tarazlığa hörmət edilməlidir. Təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, şirkətin fəaliyyəti dayandırılmalıdır.Bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir. Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi, gedib göl qursunlar, oraya zibil, zəhər töksünlər. Həm Gədəbəydəki təxribatçıların hərəkətləri, həm xarici şirkətin fəaliyyəti, həm də nazirliyin fəaliyyəti qəbuledilməzdir.Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız Qarabağda müharibə zamanı şəhid verib. Amerika polisi isə ildə 1000 nəfəri öldürür. Bu yaxınlarda Fransa polisinin əməllərini bütün dünya gördü. İnsanları öldürən o polisin mütləq əksəriyyəti məsuliyyətdən yayınır. Gədəbəy vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də məsuliyyətə cəlb edəcəyik.Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Vətəndaşlar qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil.Araşdırmaların obyektivliyi təmin olunmalıdır. Təbiətimiz məhv olunmamalı və insanların örüş, otlaq sahələri zəbt edilməməlidir.
Ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib.Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur – ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik.
Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək.Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq.
Babayeva Zenfira,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi