
2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi təkcə beynəlxalq humanitar hadisə deyil, həm də yeni geosiyasi reallıqların mənəvi təsdiqi kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin mərasimdə etdiyi çıxış isə müasir dövrdə sülhün necə qurulduğunu göstərən siyasi manifest kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev çıxışında mükafatın adını daşıdığı Şeyx Zayedin irsini yüksək qiymətləndirərək, BƏƏ modelini sabitlik, modernləşmə və multikultural harmoniya nümunəsi kimi təqdim etdi. Bu yanaşma təsadüfi deyildi. Çünki Azərbaycan da illərdir sivilizasiyalararası dialoq platforması rolunu oynayan dövlət kimi beynəlxalq aləmdə tanınır.
Çıxışın əsas xətti isə Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələ ilə bağlı idi. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Azərbaycan müstəqillik tarixində ilk dəfə real sülh mühitini yaşayır. 30 ildən artıq müharibə şəraitində olmuş ölkə üçün bu, təkcə siyasi deyil, psixoloji və tarixi dönüş nöqtəsidir.
Prezidentin vurğuladığı ən mühüm məqamlardan biri budur ki, sülh təsadüf nəticəsində deyil, güclü siyasi iradə nəticəsində əldə olunub. Vaşinqtonda keçirilmiş üçtərəfli Zirvə Görüşü, paraflanmış sülh sazişi və imzalanmış Birgə Bəyannamə uzun illər davam edən münaqişənin hüquqi sonluğunu formalaşdırdı.
İlham Əliyevin nitqində diqqət çəkən digər mühüm mesaj isə artıq əməkdaşlıq mərhələsinə keçidin baş verməsidir. Azərbaycan Ermənistanla ticarət əlaqələrini bərpa edib, yük daşımalarına və enerji məhsullarının ixracına başlayıb. Bu, post-münaqişə reallığında nadir rast gəlinən konstruktiv modeldir.
Dövlət başçısı Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülhü yalnız ikitərəfli məsələ kimi deyil, regional sabitliyin əsas şərti kimi təqdim etdi. Bu yanaşma Cənubi Qafqazın gələcəyinin qarşıdurma deyil, əməkdaşlıq üzərində qurulacağını göstərir.
Əbu-Dabidəki mərasimin simvolik əhəmiyyəti də xüsusi vurğulandı. Son danışıqların məhz burada aparılması və yekun razılaşmanın buradan Vaşinqtona uzanan proseslə rəsmiləşməsi diplomatik ardıcıllığın göstəricisidir.
Beləliklə, İlham Əliyevin çıxışı sübut etdi ki, Azərbaycan artıq müharibədən çıxmış dövlət deyil — sülhü formalaşdıran, regional təhlükəsizliyi inşa edən aktordur.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri


