Analitika

İlham Əliyev respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir

1997-ci ilin fevralında və 1998-ci ilin sentyabrında NATO Baş katibinin Bakıya, 1997-ci ilin iyulunda Azərbaycan Prezidentinin ABŞ-a səfəri dövründə Xavyer Solana və Heydər Əliyev görüşüblər. Bu görüşlərin əsas müzakirə mövzusu Azərbaycan və NATO arasında əməkdaşlığı dərinləşdirmək məsələsi olub. Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. Şimali Atlantika Əməkdaşlıq Şurasından fərqli olaraq təşkilatın bu strukturu SNT çərçivəsində məsləhətləşmələr və müzakirələrdən praktiki addımlara keçməyin təminini nəzərdə tutur. Elə həmin il Azərbaycan NATO ilə əməkdaşlığında yeni mərhələ olaraq Planlaşdırma və Analiz Prosesinə qoşulub. Bu proses müdafiə planlaşdırılmasını, yəni əldə olan resurslardan düzgün istifadə olunmasını nəzərdə tutur. 1997-ci il noyabrın 14-də Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə ölkə prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradılıb. 1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb. 1999-cu il aprel aynın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə iştirak edib. Bu mötəbər məclisdəki çıxışında Azərbaycan Prezidenti NATO-nun dünyadakı rolunu belə xarakterizə edib: “Biz dünyada sülhün və sabitliyin təmin olunmasında NATO-nun böyük rolunu yüksək qiymətləndirir, onu Umumavropa təhlükəsizliyinin olduqca mühüm vasitəsi hesab edirik.” 1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. 2001-ci ilin yanvarında NATO-nun növbəti Baş katibi Corc Robertson Bakıya səfər edib. Baş katiblə görüşündə Azərbaycan Prezidenti ölkəsinin NATO ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bir daha xatırladıb. Corc Robertson Azərbaycan hərbi bölməsinin Kosovodakı sülhməramlı əməliyyatlarda iştirakına görə Heydər Əliyevə minnətdarlığını bildirib. 2002-ci ildə NATO Avro-atlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbaycan Prezidenti Heydər Əliyev çıxış edib. Zirvə görüşü iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən prezident, onun həllinin bütün dövlətlərin maraqlarına cavab verdiyini bildirib. Elə həmin il Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək üçün hərbi bölmə göndərib. Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin NATO rəhbərliyi ilə keçirdiyi müxtəlif səviyyəli görüşlər də bunu sübut edir. 2004-cü ildə Azərbaycan Prezidenti Brüsseldə Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını (FTƏP) NATO rəhbərliyinə təqdim edib. Əməkdaşlıq fəaliyyətləri, islahat planları və siyasi dialoq prosesləri FTƏP-də öz əksini tapıb. Silahlı qüvvələr üzərində tam demokratik nəzarətin yaradılması, müdafiə tədbirlərinin formalaşdırılması, o cümlədən, NATO-nun norma və standartlarına uyğun olaraq bütün silahlı qüvvələrin təşkilati strukturunun yaradılması əməkdaşlığın əsas sahələridir. 2004-cü ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun İstanbul sammitində çıxış edib. Prezident İlham Əliyevin NATO-nun İstanbul zirvə toplantısında iştirakı, sammit çərçivəsində aparılan müzakirə və danışıqlar ölkəmizin Şimali Atlantika İttifaqı ilə tərəfdaşlıq münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərib. Azərbaycan Prezidenti Avropaya və Avroatlantik strukturlara inteqrasiya siyasətinin davam edəcəyini qeyd etməklə yanaşı, ölkəsinin üzləşdiyi aqressiv separatizmlə mübarizədə Avroatlantika alyansından dəstək gözlədiyini də nəzərə çatdırıb. “Kooperativ Best Effort-2004” səhra təlimlərinin, 23 iyun 2005-ci il tarixdə N ATO ilə “Fərdi əməkdaşlıq üzrə əməliyyat planına uyğun “İnteqrasiya edilmiş sərhəd idarəçiliyinin islahatı: Avro-atlantik Tərəfdaşlıq Şurası çərçivəsində birgə sərhəd təhlükəsizliyi standartlarının yaradılması” mövzusunda seminarın Bakıda keçirilməsi təşkilatın Azərbaycanla əməkdaşlığa necə böyük əhəmiyyət verilməsinin sübutudur. 2006-cı ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Parisdə, NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edib. Sessiyadakı çıxışında prezident Azərbaycanın NATO ilə əlaqələrinin əhəmiyyətindən danışıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçılara məlumat verib. 2006-cı ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə, NATO-nun mənzil-qərargahında təşkilatın Baş katibi Yaap de Hoop Sxefferlə görüşüb. 2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb. Ümumiyyətlə, Azərbaycan-NATO münasibətlərini qısa olaraq belə xarakterizə etmək olar: Azərbaycan Respublikası Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan Respublikası Avroatlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. FTƏP bu baxımdan NATO ilə əməkdaşlığın yaxın və orta perspektivdə daha da gücləndirilməsi yolunda mühüm bir vasitədir.

Bəhruz Rüstəmov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button