Analitika

İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi alternativsiz liderə çevrilib

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. Həmin ilin oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Elə də oldu, xalq Ulu Öndərin çağırışına dəstək göstərdi. Nəticədə 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi Həmin dövrdə bütün müjdəli xəbərləri Azərbaycan xalqına məhz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırırdı. Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır.

Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir. Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının rəsmi açılışı olub. Açılışlarda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Laçın beynəlxalq hava limanlarının inşası davam etdirilir.

Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdacaqlar.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button