İkitərəfli münasibətlər müstəvisində Azərbaycan və Almaniya arasında əməkdaşlıq da kifayət qədər genişdir

Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında əsas ölkələrdən biridir. Bu reallıq beynəlxalq aləmdə də etiraf olunur. Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirib. Ölkəmizin Avropaya qaz təchizatı strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul etmişlər. 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb. Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır. Prezident İlham Əliyev Almaniya-Azərbaycan əlaqələrinin inkişafının həm ölkələrimiz üçün, həm də bütövlükdə, Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb etdiyni bildirdi. Çünki Almaniyanın Avropanın inkişaf etmiş qüdrətli dövlətlərindən biri olduğu hamıya bəllidir. Bu baxımdan Azərbaycanın bu ölkə ilə əməkdaşlığı əhəmiyyətlidir.
Dövlətimizin başçısı bu il Azərbaycanın COP29-a evsahibliyi edəcəyini də diqqətə çatdırdı. Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı ilə əlaqədar COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Azərbaycan yaxşı nəticələrə nail olmaq üçün əlindən gələni edir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq. İkitərəfli münasibətlər müstəvisində Azərbaycan və Almaniya arasında əməkdaşlıq da kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Almaniya Kansleri ilə görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan fəaliyyətlər müzakirə olundu. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almaniyada görüşünü xatırladan ölkə Prezidenti bu görüşün təşkili üçün Almaniya Kanslerinə minnətdarlığını bildirdi və növbəti görüşün Qazaxıstanda keçiriləcəyi haqqında məlumat verdi.
Rzayeva Səba,
YAP-ın gənc fəalı