AnalitikaGündəmSiyasət

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi

Azərbaycan xalqı tarix boyu çoxsaylı sınaqlardan keçmiş, lakin hər zaman milli birliyini, Vətən sevgisini və mübarizə ruhunu qoruyub saxlamışdır. Bu birliyin ən bariz təzahürü isə 2020-ci ilin payızında – İkinci Qarabağ müharibəsi dövründə özünü tam şəkildə göstərdi. 44 gün davam edən bu şanlı müharibə təkcə ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də xalqımızın milli həmrəylik və birliyinin ən yüksək zirvəsinə qalxması ilə tarixə yazıldı. 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Qarabağ və ətraf rayonlar – işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurd – yuvasından didərgin düşmüşdü. İllərlə davam edən danışıqlar nəticəsiz qaldı, Ermənistan tərəfi təxribatlarını davam etdirdi. 2020-ci il sentyabrın 27-də düşmənin hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Bu an təkcə ordunun deyil, bütün xalqın müharibəyə səfərbər olduğu an idi. Azərbaycanın hər yerində – Bakıda, Naxçıvanda, Gəncədə, Şəkidə, Lənkəranda, Qusarda və digər bölgələrimizdə insanlar ordumuza dəstək nümayiş etdirdilər. Könüllülər cəbhəyə getmək üçün sıraya düzülür, qadınlar, gənclər, uşaqlar əsgərlərə ərzaq, geyim, yardım göndərirdi. Bu, əsl milli həmrəylik tablosu idi – dövlət, ordu və xalq vahid məqsəd uğrunda birləşmişdi. Müharibə dövründə xalqın öz liderinə olan etimadı, inamı və dəstəyi milli birliyin əsas dayaqlarından biri oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, diplomatik məharəti və dəmir iradəsi xalqın ürəyində böyük ruh yüksəkliyi yaratdı. Onun “Qarabağ Azərbaycandır!” kəlməsi bir xalqın milli şüarına çevrildi. İstər ön cəbhədə vuruşan əsgər, istərsə də arxa cəbhədə dua edən ana – hamı bir amal uğrunda birləşmişdi. Bu birliyin gücü nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını cəmi 44 günə azad etdi. Bu, tarixdə misli görünməmiş bir qələbə idi. İkinci Qarabağ müharibəsi xalqımızın bir millət kimi həmrəyliyini, mənəvi gücünü və Vətən sevgisini nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Bu Qələbə xalqımıza özünə inam, qürur hissi qazandırdı, şəhidlik və qəhrəmanlıq anlayışlarını yeni mənəvi səviyyəyə qaldırdı, gənc nəsildə Vətənə sevgi və fədakarlıq hissini daha da möhkəmləndirdi və milli kimliyimizin ayrılmaz parçası olan birlik ruhunu gücləndirdi. Bu Qələbə göstərdi ki, xalqla dövlət birləşdikdə, Azərbaycanı məğlub edə biləcək heç bir güc yoxdur.

İkinci Qarabağ müharibəsi təkcə torpaqlarımızın azadlığı deyil, həm də xalqımızın milli həmrəyliyinin parlaq təntənəsi idi. Bu həmrəylik sayəsində Azərbaycan qalib dövlətə çevrildi, milli ruhumuz dirçəldi, dövlətimizin sütunları daha da möhkəmləndi.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button