AnalitikaGündəmSiyasət

İki ölkə arasındakı münasibətlərin inkişafında mərhum Prezident Heydər Əliyevin xüsusi yeri var

Azərbaycan ilə Çin Xalq Respublikası arasında 1992-ci ildən yaranmış diplomatik münasibətlər son onilliklər ərzində iqtisadi, siyasi, nəqliyyat, energetika və mədəniyyət sahələrində inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. İki ölkənin bir-birini tamamlayan geosiyasi mövqeləri və qarşılıqlı maraqları bu münasibətləri daha da gücləndirir. Bu münasibətlərin inkişafında Ümummili liderimiz Heydər Əliyevin rolu çox böyükdür.

2025-ci ilin 25 aprel tarixində Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Çinin nüfuzlu CGTN telekanalına verdiyi müsahibəsi ölkələrimiz arasında strateji tərəfdaşlığın və dərin tarixi əlaqələrin bir daha təsdiqi oldu. Müsahibədə Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyətindən bəhs edərək bu əlaqələrin formalaşmasında və inkişafında müstəsna xidmətləri olan Ümummilli lider Heydər Əliyevin tarixi rolunu xüsusi vurğuladı.

1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq arenada möhkəmlənməsi və dünya dövlətləri ilə bərabərhüquqlu münasibətlər qurması üçün qlobal miqyasda diplomatik təşəbbüslərə başladı. Bu kontekstdə Çin Xalq Respublikası ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi də prioritet istiqamətlərdən biri olmuşdur. Ulu Öndər Heydər Əliyev Çin ilə münasibətləri yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və elmi müstəvidə genişləndirməyə çalışdı. Onun təşəbbüsü ilə Azərbaycan-Çin diplomatik əlaqələri yeni mərhələyə qədəm qoydu. 1994-cü ildə Azərbaycan və Çin arasında imzalanmış sənədlər, ticarət və iqtisadi əməkdaşlığın inkişafına dair razılaşmalar, gələcək tərəfdaşlığın təməlini qoydu.

Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan münasibətlərin təməli bu gün də Azərbaycan-Çin əlaqələrinin əsasını təşkil edir. İlham Əliyevin sözlərinə görə, atası Heydər Əliyev Çin xalqının tarixinə və mədəniyyətinə böyük hörmətlə yanaşır, Çin ilə dostluğun strateji əhəmiyyətini dərk edirdi. Bu baxış bucağı bu gün də Azərbaycan xarici siyasətində davam etdirilir.

Prezident İlham Əliyev bildirdi ki, Çinlə əməkdaşlıq Azərbaycanın balanslaşdırılmış xarici siyasətində xüsusi yer tutur. Xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın fəal iştirakı, tarixi İpək Yolunun canlandırılması ilə bağlı layihələrdə iştirak etməsi, məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq qiymətləndirilə bilər.

Ümummili lider Heydər Əliyevin təşəbbüsləri nəticəsində Azərbaycan və Çin arasında yalnız iqtisadi deyil, həm də mədəni və təhsil sahələrində əlaqələr inkişaf etməyə başladı. Çin dili və mədəniyyətinə marağın artması, Bakıda Konfutsi İnstitutunun fəaliyyətə başlaması və Çin universitetlərində azərbaycanlı tələbələrin təhsil alması həmin dövrdə qoyulan strateji yanaşmanın nəticəsidir.

Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibədə vurğuladığı kimi, Azərbaycan-Çin münasibətləri bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıbsa, bu, Ulu öndər Heydər Əliyevin uzaqgörən və milli maraqlara əsaslanan siyasətinin bəhrəsidir. O, yeni müstəqillik qazanmış Azərbaycanın dünyaya inteqrasiyası üçün mühüm addımlar ataraq Çin kimi qlobal güclə münasibətlərin əsasını qoydu. Bu gün Prezident İlham Əliyev həmin siyasi xətti uğurla davam etdirir və ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Ulu Öndərimizin mirası bu gün də Azərbaycan diplomatiyasının yol xəritəsində öz əksini tapır və onun yaratdığı təməllər üzərində qurulan münasibətlər gələcəyə inamla addımlayır.

Ziya Vəliyev
YAP Şəki rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button