
Prezident cənab İlham Əliyevin nüfuzlu beynəlxalq media qurumlarına verdiyi müsahibələr Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, milli maraqlarının müdafiəsinə və regional-qlobal təşəbbüslərinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verir. Bu müsahibələr vasitəsilə ölkəmiz öz prinsipial və ədalətli mövqeyini aydın və birbaşa şəkildə təqdim edir. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanatları Azərbaycanın hüquqi əsaslara söykənən haqlı mövqeyinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir, təhrif olunmuş informasiyaların qarşısını alır.
Prezident cənab İlham Əliyev “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Dövlətimizin başçısı bildirib ki, hər iki ölkə siyasi dialoqu inkişaf etdirir, beynəlxalq təşkilatlar, xüsusilə Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.
İqtisadi sahədə münasibətlərin əsasını ötən əsrin 70-80-ci illərində qurulan enerji əməkdaşlığı təşkil edir. O dövrdə minlərlə vyetnamlı tələbə Azərbaycanda təhsil alaraq Vyetnamın neft sənayesinin inkişafında mühüm rol oynayıb. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery” arasında imzalanmış müqavilə bu əməkdaşlığın davamı olaraq qeyd edilir.
Ticarət dövriyyəsi 2024-cü ildə 223,9 milyon dollar olub, bu isə iqtisadi əlaqələrin daha da genişlənməsi üçün potensialın mövcud olduğunu göstərir. Hökumətlərarası Komissiya və işgüzar forumlar qarşılıqlı investisiya və ticarət fəallığını artırır.
İki ölkə arasında siyasi əməkdaşlıq da güclənir. Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr və siyasi partiyalar arasında münasibətlər vahid siyasi iradəni nümayiş etdirir. Mədəni və humanitar sahədə də əlaqələr möhkəmlənir. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2014-cü ildə Hanoya səfəri və müxtəlif mədəni layihələr, o cümlədən 2024-cü ildə Bakıda Vyetnam müharibəsinə həsr olunmuş “Əfsanə yaradanlar” filminin nümayişi iki xalq arasında mədəni körpülər yaradır.
Həmçinin, Heydər Əliyev Fondu Vyetnamda humanitar layihələr həyata keçirir, o cümlədən ibtidai məktəb inşa edib. Leyla Əliyevanın Vyetnama səfəri mədəni əməkdaşlığa yeni nəfəs verib.
Müsahibədə Prezident cənab İlham Əliyev Vyetnam lideri cənab To Lamın Azərbaycana səfərinin iki ölkə münasibətlərində yeni mərhələ açacağına ümid etdiyini bildirib. Bu səfər siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə töhfə verəcək.
Nəzrin Bayramova
YAP Xəzər rayon təşkilatının məsləhətçisi