
Azərbaycan və Pakistan arasındakı münasibətlər son illərdə daha da güclənmiş və strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Bu münasibətlərin əsası 1991-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra qoyulmuşdur və o vaxtdan bəri hər iki ölkə bir-birinə qarşılıqlı dəstək göstərməkdədir. Azərbaycan və Pakistan arasındakı münasibətlər təkcə rəsmi diplomatik və iqtisadi əlaqələrlə məhdudlaşmır, həm də dərin qardaşlıq bağları üzərində qurulmuşdur. Bu qardaşlıq münasibətləri bir sıra tarixi, dini və mədəni faktorlar üzərində formalaşmış və hər iki xalq arasında xüsusi bir yaxınlıq yaratmışdır.
Azərbaycan və Pakistan arasındakı rəsmi diplomatik əlaqələr 1992-ci ilin fevral ayında qurulmuşdur. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. O vaxtdan bəri, hər iki ölkə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, hərbi, təhsil, mədəniyyət və enerji sahələrində əməkdaşlıq etməkdədir.
Siyasi səviyyədə, Pakistan və Azərbaycan müxtəlif beynəlxalq məsələlərdə bir-birini dəstəkləyir. Məsələn, Pakistan Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir və Ermənistanın işğalını tanımırdı. Eyni zamanda, Azərbaycan da Kəşmir məsələsində Pakistanın mövqeyinə dəstək verir.
İqtisadi sahədə əməkdaşlıq inkişaf etməkdədir. Hər iki ölkə arasında ticarət əlaqələri artır və müxtəlif sahələrdə birgə layihələr həyata keçirilir. Neft və qaz sahəsində əməkdaşlıq mühüm yer tutur və Pakistan Azərbaycanın enerji resurslarına maraq göstərir.
Hərbi sahədə də sıx əməkdaşlıq mövcuddur. Hər iki ölkə arasında hərbi təlimlər, texniki yardım və silah ticarəti sahəsində müqavilələr imzalanmışdır. Azərbaycan və Pakistan hərbi qüvvələri arasında təlim və təcrübə mübadiləsi həyata keçirilir.
Pakistan İslam Respublikası Baş naziri Məhəmməd Şahbaz Şərifin iyun ayının 15-də baş tutan Bakıya rəsmi dövlət səfəri həm ikitərəfli münasibətlər, həm də bütövlükdə Avrasiyada proseslərin inkişafı baxımından əhəmiyyətlidir.
Hazırda Azərbaycan-Pakistan əlaqələri yüksələn xətt üzrə davam edir. Bu, hərbi sahədən tutmuş energetika, iqtisadiyyat, mədəniyyət, siyasət də daxil olmaqla bütün istiqamətlərdə müşahidə edilir. Bu əlaqələr təkcə dövlətlər yox, həm də xalqlar arasında güclənir. Təsadüfi deyil ki, Azərbaycan xalqı Pakistana olan münasibətini bu ölkənin bayrağının müxtəlif yerlərə asmaqla nümayiş etdirir. Hətta Azərbaycan və Türkiyə qardaşlığına Pakistanın da qoşulması, iki qardaşın müttəfiqliyinə üçüncü qardaşın da daxil olması perspektivi aydın görünür. Bütün bunlar Azərbaycan və Pakistanın bir-birinin haqq işini dəstəkləməsindən qaynaqlanır.
Pakistanın Azərbaycan üçün əhəmiyyəti təkcə ikitərəfli münasibətlərə deyil, həm də 30 ilə yaxın müddətdə üzləşdiyimiz işğala qarşı mübarizəmizə verdiyi dəstəyə də əsaslanır. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayan ölkədir. Bunu nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı unutmur. Bu yanaşma Pakistanın İslam dünyasına verdiyi önəmin də bariz nümunəsidir. Bildiyimiz kimi, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla diplomatik əlaqələr qurmayan ölkələrdir. Bu siyasət müsəlman dünyasının maraqlarına, İslama verilən dəyərdən irəli gəlir.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin başçısı İlham Əliyevlə keçirdiyi görüş zamanı vurğulanıb ki, Pakistanın Baş nazirinin Azərbaycana səfəri münasibətlərin yeni mərhələdə inkişafına zəmin yaradacaq. Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.
Mətanət Cəfərova,
YAP-ın fəalı