AnalitikaGündəmSiyasət

İki ölkə arasında iqtisadi və mədəni əlaqələr daha da dərinləşir

Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, müstəqil xarici siyasət yeridir, dövlət suverenliyini tam təmin edə bilir. Bu məqam da məlum dairələrin xoşuna gəlmir. Azərbaycan Şimal-Cənub dəhlizi layihəsində İranla ciddi əməkdaşlıq edir. Xəzər dənizinin statusunun müəyyənləşməsində ölkələr arasında əhəmiyyətli təmaslar vardır. İranla Azərbaycanın əməkdaşlığı həm ikitərəfli xarakter daşıyır, həm də “Yeni İpək Yolu” layihəsi çərçivəsində yeni məzmun kəsb etməkdədir. Bunlardan başqa, İran Azərbaycanın təklif etdiyi üçtərəfli əməkdaşlıq modelində xüsusi yer tutur. Azərbaycan, İran və Rusiya prezidentləri mütəmadi olaraq həmin model çərçivəsində görüşlər keçirirlər. Bundan da bütün region faydalanır.

Vətən müharibəsində Qələbədən dərhal sonra kommunikasiya xətlərinin açılması istiqamətində fəal iş aparmağa, Zəngəzur dəhlizinin açılması ilə Asiya ilə Avropa arasında körpü salmağa və Naxçıvan Muxtar Respublikasının ölkəmizin əsas ərazisi ilə nəqliyyat əlaqəsini bərpa etməyə çalışan Azərbaycanın bu təşəbbüslərinə region dövlətləri, o cümlədən də İran daha fəal qoşularsa, bölgədə əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər. Çünki bu kommunikasiya xətlərinin açılması İranı da beynəlxalq nəqliyyat-logistika qovşağı zəncirində mühüm halqaya çevrilmək imkanı qazandırır. Qeyd edək ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 2022-ci martın 11-də Bakıda keçirilən 15-ci iclasında Azərbaycan hökuməti ilə İran hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Rəsmi məlumatda qeyd olunurdu ki, Anlaşma Memorandumunun imzalanmasının Azərbaycanla İran arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə təsadüf etməsi xüsusi əhəmiyyət kəsb edir. Memoranduma əsasən Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərə səfəri zamanı İran-Azərbaycan sərhədini dostluq və qardaşlıq sərhədi adlandırdı. Azərbaycan işğaldan azad olunan sərhəd bölgəsində körpü salıb gömrük-keçid məntəqəsi açmaq istəyirdi. Qarabağın bərpasında da İran şirkətlərinin iştirakına etiraz olunmadı. Bütün bunlar Azərbaycanın İrana qarşı xoşməramlı münasibətinin göstəricisidir.

İran-Azərbaycan əlaqələri qarşılıqlı etimada, hörmətə və münasibətlərin səmimi xarakter daşımasına söykənir. Bütün bunlar iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyindən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyindən xəbər verir.

Mikayıl Məmmədov
Maştağa bələdiyyəsinin sədri

Oxşar Xəbərlər

Back to top button