
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə təkbətək görüşü baş tutmuşdur. Görüşdən sonra hər iki ölkə liderinin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) adlı birgə layihənin təqdimatı keçirilib. Təqdimat zamanı layihənin mahiyyəti və məqsədləri barədə dövlət başçılarına geniş məlumat verilmiş, Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin və səmərəliliyinin artırılması üçün nəzərdə tutulan yeni təşəbbüslər və konkret addımlar diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Çin və Orta Asiyanı Avropa ilə birləşdirən bu nəqliyyat-logistika marşrutu regionlararası və qitələrarası ticarətdə mühüm strateji rol oynayır.
Həmin gün Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin birgə sədrliyi ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası təşkil olunmuşdur. İclasda Prezident İlham Əliyev çıxış edərək ikitərəfli əlaqələrin inkişaf dinamikasını vurğulamışdır. Daha sonra iki ölkənin liderlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi keçirilib.
İlk olaraq prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı”nı, bununla yanaşı, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarı”nı və “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı”nı imzalayıblar.
Bundan sonra müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən geniş sənədlər paketi mübadilə olunub. Bu sənədlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”, iki ölkənin Daxili İşlər Nazirlikləri, Baş Prokurorluqları və Səhiyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında sənədlər yer almışdır. Eyni zamanda, “Samruk Kazına” və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), eləcə də “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə SOCAR arasında birgə-investisiya mexanizminin yaradılması üzrə Çərçivə Sazişi imzalanmışdır. Rəqəmsal inkişaf və süni intellekt sahəsində əməkdaşlıqla bağlı iki ölkənin müvafiq qurumları arasında Anlaşma Memorandumları da imzalanmışdır.
Sənədlərin mübadiləsindən sonra Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuat üçün birgə bəyanatlarla çıxış edərək dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyini vurğulamışlar.
Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri



