
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər son illərdə yeni dinamika qazanmış, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq xeyli genişlənmişdir. Xüsusilə iqtisadi-ticari əlaqələrdə artan intensivlik, bu münasibətlərin strateji səviyyəyə yüksəlməkdə olduğunu göstərir. Bununla belə, mövcud əməkdaşlıq səviyyəsinə baxmayaraq, iki ölkə arasında hələ də reallaşdırılmamış böyük potensial mövcuddur.
Çin və Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. Bu münasibətlər 2015-ci ildən etibarən “Strateji tərəfdaşlıq” formatına keçid etmiş, qarşılıqlı səfərlər və sazişlər vasitəsilə möhkəmlənmişdir. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri, həmçinin Çin Sədri Si Cinpinlə keçirdiyi görüşlər əlaqələrin inkişafına güclü təkan vermişdir.
Azərbaycanın yerləşdiyi geostrateji mövqe – həm Avropa, həm Asiya, həm də Yaxın Şərqə çıxış imkanları baxımından – Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində mühüm tərəfdaş olmasını təmin etmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr Çin məhsullarının Avropaya çatdırılmasında Azərbaycanı əsas tranzit mərkəzinə çevirir.
Çin uzun müddətdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Xüsusilə qeyri-neft sektorunda artan əməkdaşlıq diqqət çəkir. Çin şirkətləri Azərbaycanda nəqliyyat, kənd təsərrüfatı, enerji və tikinti sahələrində fəaliyyət göstərirlər. İki ölkə arasında ticarət dövriyyəsi son illərdə durmadan artmış və pandemiya dövrünə baxmayaraq sabit qalmışdır.
Azərbaycan məhsullarının – xüsusilə də kənd təsərrüfatı məhsullarının – Çin bazarına çıxışı üçün imkanlar genişlənməkdədir. Şərab, quru meyvələr, qoz-fındıq, bal və digər yerli məhsullar Çində alıcı tapmağa başlamışdır. Həmçinin “Azərbaycan Ticarət Evi”nin Pekində açılması, ticarət əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Bütün bu müsbət dinamika fonunda, iki ölkə arasında əməkdaşlıq hələ də mövcud potensialı tam şəkildə əks etdirmir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə verdiyi məxsusi müsahibədə bu məsələyə toxunaraq bildirib: “İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir.”
Çin üçün Avropaya çıxışda ən qısa və təhlükəsiz yol olan Orta Dəhliz (Çin–Qazaxıstan–Xəzər–Azərbaycan–Gürcüstan–Avropa) çərçivəsində əməkdaşlıq genişləndikcə, Azərbaycan tranzit ölkədən logistik mərkəzə çevrilə bilər. Eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində – xüsusilə külək və günəş enerjisi layihələrində – Çin texnologiyaları və maliyyə imkanları ilə əməkdaşlığı genişləndirə bilər.
Çin–Azərbaycan əlaqələri strateji məna kəsb edir və bu münasibətlərin inkişafı hər iki ölkə üçün uzunmüddətli faydalar vəd edir. Artan ticarət dövriyyəsinə və əməkdaşlıq layihələrinə baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Bu potensialın tam reallaşdırılması üçün siyasi iradənin davamlı olması ilə yanaşı, biznes dairələrinin fəallığı, institusional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı etimad mühitinin dərinləşdirilməsi zəruridir. Azərbaycan və Çin qarşılıqlı faydalı və balanslaşdırılmış əməkdaşlıq modeli qurmaqla, regionda sabitlik və rifah üçün də ciddi töhfə verə bilərlər.
Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri