Analitika

İki dövlət bir millət

Ali Baş Komandanımız İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla 25 sentyabr tarixində Naxçıvandakı görüşü qardaşlıq münasibətlərimizin möhkəmlənməsində önəmli hadisədir. Görüş əsnasında İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi, Naxçıvanın enerji təhlükəsizliyinin təmini məsələsi müzakirə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında bildirmişdi ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmış və bununla da, tarixi Azərbaycan diyarı olan Naxçıvanla coğrafi bağlantının kəsilməsi tarixi faktdır. Bilirik ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti apararkən Naxçıvana qarşı da ərazi iddiaları irəli sürmüşdür. Lakin o dövrdə məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bunun qarşısı alınmışdır .

Bu yaxın günlərdə tariximizə yeni bir parlaq qələbə səhifəsi yazıldı. 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan separatçıları təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir. Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla həyata keçiriləcək.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsi Türkiyənin növbəti qardaşlıq addımı idi. Danılmaz faktdır ki, İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı daim bizim yanımızda olmuş, mənəvi dəstəyini əsirgəməmişdir. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” kimi bəyanatın verilməsi əslində ciddi bir mesaj idi.

Sözsüz ki, Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. TANAP layihəsi, İğdır-Naxçıvan qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu tarixi hadisələrdir. Əlbəttə ki, bu layihələr Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəklər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı ictimaiyyətə çox önəmli mesajlar vermişdir: “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.” Görüş əsnasında təməlqoyma mərasimi baş tutmuş və yeni sənədlər imzalanmışdır.

Abdullazadə Türkanə,
Xəzər rayonu
, 183 nömrəli tam orta məktəbin
A
zərbaycan dili və ədəbiyyat müəllimi

 

Oxşar Xəbərlər

Back to top button