AnalitikaGündəmSiyasət

İdarəçilikdə yeni dövrün başlanğıcı

12 noyabr 2025-ci ildə Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul etməsi təkcə bir kadr görüşü deyil, ölkəmizdə idarəetmə keyfiyyətinin yeni mərhələsinə keçidin daha bir bariz nümunəsi kimi tarixə düşdü. Dövlət başçısı görüş zamanı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir nüansa, yeni idarəçilik fəlsəfəsinə uyğun məsuliyyətli, şəffaf, xalqla ünsiyyətdə olan və nəticəyə hesablanmış fəaliyyətə xüsusi diqqət çəkdi.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, ölkəyə təyin olunan istənilən rəhbər şəxsin ən böyük imtahanı, xalqın etimadını doğrultmaqdır. O, vurğuladı ki, bu gün Azərbaycan sürətlə inkişaf edən, regionda söz sahibi olan dövlətdir və belə bir ölkədə hər bir rəhbər şəffaf, vicdanlı, məsuliyyətli və işgüzarlığı ilə seçilməlidir. Dövlət başçısı bildirərək qeyd etdi ki, artıq idarəetmə standartları daha yüksəkdir və bu standartlara uyğun olmayan kadrlarla yol davam etdirilməyəcək.

Naxçıvan kimi strateji bölgədə səlahiyyətli nümayəndənin təyin olunması da məhz bu yanaşmanın tərkib hissəsidir. Prezident İlham Əliyev bildirdi ki, Naxçıvan uzun illər müxtəlif problemlərlə üzləşsə də, bu gün burada yeni inkişaf mərhələsinin əsası qoyulur. Bu mərhələnin mərkəzində isə davamlı islahatlar, sosial rifahın yüksəldilməsi, şəffaf və ədalətli idarəçilik dayanır.

Regionlara təyin olunan icra başçıları ilə bağlı səsləndirdiyi fikir isə görüşün ən mühüm nüanslarından biri oldu: Prezident hər bir icra başçısına açıq mesaj verdi ki, artıq əvvəlki yanaşmalar keçmişdə qalıb. Yeni dövrdə icra başçısı kabinetdə oturan məmur deyil, xalqın içində olan, problemləri yerində araşdıran və onların həllinə dərhal reaksiya verən rəhbər olmalıdır.

Prezident İlham Əliyev həmçinin vurğuladı ki, yerlərdə baş verən hər bir neqativ hal, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə dövləti zəiflədir və buna qəti şəkildə yol verilməyəcək. O, bildirib ki, yeni təyinatlar ölkənin ümumi idarəçilik sisteminin gücləndirilməsi prosesinin tərkib hissəsidir və bu proses davamlı olacaq.

Görüşün mahiyyətindən aydın görünürdü ki, Prezident Azərbaycanı yeni tələblərlə, yeni keyfiyyətlərlə idarə etmək niyyətindədir. Bu mesaj həm də bütün dövlət strukturlarına bir çağırış idi: xidmət et, çalış, nəticə göstər və etimadı doğrult.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button