İctimai-siyasi proseslər qadınların maariflənməsinə və ictimai həyata qoşulmasına səbəb olmuşdur
Azərbaycanda qadın hüquqları dünyanın bir çox ölkələrindən əvvəl dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müsəlman Şərqində ilk dəfə olaraq qadına seçmək və seçilmək hüququ vermişdir. Müqayisə üçün deyə bilərik ki, bundan 2 il sonra Amerika Birləşmiş Ştatlarında, 26 il sonra Fransada, 53 il sonra isə İsveçrədə qadınlar seçkilərdə iştirak hüququ ala bilmişlər. Sovetlər Birliyi dövründə də Azərbaycan qadınlarının ictimai həyatda fəallığı artmışdır. Bu dövrdə baş verən ictimai-siyasi proseslər, iqtisadiyyatın sürətli inkişafı qadınların maariflənməsinə və ictimai həyata qoşulmasına səbəb olmuşdur. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev Azərbaycanın rəhbəri seçiləndən sonra qadınların ictimai həyatda yeri və mövqeyi daha da möhkəmlənmişdir. Qadınların təhsil səviyyəsinin yüksəldilməsi, müxtəlif peşələrə yiyələnərək öz istedad və bacarıqlarını göstərə bilmələri həmin dövrün başlıca nailiyyətidir. Bu dövrdə qadınlar Azərbaycanın və Sovetlər Birliyinin ali hakimiyyət orqanlarına deputat seçilir, yüksək vəzifələrə təyin olunurdular. Ümummilli liderimiz dövlət qadın siyasətində yaranmış müsbət meyilləri əsaslandıraraq 1974-cü ildə keçirilmiş müşavirədə deyirdi ki, həyat özü, bizim təcrübəmiz qadınların başçılıq etdikləri müəssisələrin bir qayda olaraq qabaqcıllar sırasında getdiyini sübut edir. Bunlarda səliqə-sahman daha çox olur, əmək intizamı pozulmur. Ümummilli liderimizin ali hakimiyyətə ikinci qayıdışından sonra qadın problemlərinin həllində də əsaslı dönüşə nail olundu. Dövlət qadın siyasətini tənzimləyən qanunvericilik bazası yaradıldı. Ölkəmiz qadın hüquqlarının qorunması ilə bağlı konvensiyalara qoşuldu. Bu gün Azərbaycan qadını ictimai-siyasi həyatda, elm, təhsil, mədəniyyət, dövlət qulluğu və ordu quruculuğunda, hüquq-mühafizə, məhkəmə və digər orqanlarda çalışır. Bu, Azərbaycan qadınının seçki hüququ qazanmasından ötən yüz ildə əldə etdiyi ən böyük nailiyyətidir! Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olduğunu, cəmiyyət həyatına mütəmadi nüfuz etdiyini, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxladığını vurğulayan başçı əlavə edib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilib. Bunun nəticəsində də qadınların dövlət quruculuğu işlərinə cəlb olunma sayı artıb. Ümummilli Liderin bu siyasəti, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Qadınlar ölkəmizin ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək ölkəmizdə uğurla həyata keçirilən genişmiqyaslı ictimai-siyasi məsələlərdə öz töhfələrini verirlər.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı