
1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultay türkologiyanın ortaq əlifba, dil, terminlologiya, türk ədəbiyyatı, mədəniyyəti və etnoqrafiyası sahəsində köklü dəyişikliklərə imza atdı. Qurultay yalnız elmi hadisə kimi deyil, həm də türk dillərinin öyrənilməsi, tədrisi və sistemləşdirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi mühüm əhəmiyyət kəsb edir. İsmayıl Qaspiralının “Dildə, fikirdə, əməldə birlik” ideyası ətrafında türk dünyasının tanınmış türkoloqları, dilçi-alimləri Qafqaz, Volqaboyu, Mərkəzi Asiya, Çuvaşiya, Kalmıkiya, Çeçenistan, Kabarda-Balkar, Başqırdıstan, Alamniya, Rusiya, Gürcüstan sərhədlərini aşaraq türk dili ideyası ətrafında Bakıda toplaşdılar. 131 nümayəndənin qatıldığı qurultayda akademik Bartold, keçmiş SSRİ EA-nın müxbir üzvü Aleksandr Samoyloviç, prof. Fuad Köprülüzadə, akademiklər Sergey Oldenburq, Nikolay Marr, Vilhelm Tomsen, Anatoli Lunaçarski milliyyət və ixtisaslarından asılı olmayaraq, türkologiyanın müxtəlif məsələlərini müzakirə etmiş, türk dünyasının “kollektiv mədəni identifikasiyasının formalaşması” baxımından önəmli qərarlar qəbul etmişlər.
Qurultay niyə Bakıda keçirilirdi?. Prof. Elçin İbrahimov yazır ki, “Azərbaycan türkologiyasının inkişafında Bakı mühitinin rolu əvəzsiz olmuşdur. …Bakı çar Rusiyasının istila etdiyi bölgələrin, xüsusilə də türk coğrafiyasının iqtisadi, mədəni, siyasi mərkəzlərindən biri idi və XX əsrin əvvəllərində yenilikçi fikir-mətbuat mərkəzinə çevrilmişdi. Coğrafi baxımdan da Bakı SSRİ-dəki türk xalqları ilə Türkiyə arasında körpü rolunu oynayırdı. 1926-cı ildə qurultayı keçirmək üçün Bakı həm infrastruktur, həm də intellektual mühitcə əlverişli məkan idi”.
Qurultay nümayəndələri içərisində 22 nəfər Azərbaycanı təmsil etmişdir. Bunların içərisində müəllim (Ayna Sultanova, Cabbar Məmmədzadə), dilçi-professor, ədəbiyyatşünas-alim (B.Çobanzadə, Vəli Xuluflu, Hənəfi Zeynallı, Artur Zifeld), keçmiş SSPİ MİK sədri (Qəzənfər Musabəyov), Azərbaycan Maarif İşçiləri Komitəsinin sədri (Pənah Qasımov), görkəmli ictimai dövlət xadimi (Sultan Əfəndiyev, Səmədağa Ağamalıoğlu, Həbib Cəbiyev, Dadaş Bünyadzadə) qurultayın işində, rəyasət heyətində, müxtəlif komissiyaların tərkibində türkologiya elminin aktual məsələlərinə dair, əlifba, ortaq türk dili, terminologiya və s. məsəllərlə bağlı qərarların verilməsində yaxından iştirak etmişlər. Lakin sonrakı illərdə − 1930-cu illərin sonlarına doğru sovet ideoloji aparatının kəskin şəkildə sərtləşməsi bu prosesin qarşısını alır və qurultayın ideya daşıyıcıları müxtəlif ittihamlarla təqib olunur. Türk xalqlarının tarixinin, dilinin və mədəni irsinin öyrənilməsi ideoloji nəzarət altına alınır. Bir sıra tarixi faktlar və mədəni dəyərlər ya qadağan edilir, ya da təhrif olunmuş şəkildə təqdim edilir. Türkoloji fəaliyyət “pantürkizm”, “millətçi”, “xalq düşmənçiliyi” kimi saxta ittihamlarla əvəz edilir. Qurultayda fəal iştirak etmiş bir çox alimlər “antisovet fəaliyyət”ə görə əsassız ittihamlarla təqib olunur, bəziləri güllələnir, bəziləri sürgünə göndərilir, bəziləri isə elmi fəaliyyətindən məhrum edilir. B.Çobanzadə 1937-ci ildə “pantürkist təşkilatın üzvü” kimi ittiham olunaraq həbs edilir və güllələnir. Azərbaycanda ikidilli lüğətlərin tərtibinin ilk təşəbbüskarı, türk alimi İsmayıl Hikmətin Bakıda kitabının buraxılmasına icazə verən Ruhulla Axundov istiniaq zamanı vəhşicəsinə döyülərək Moskvanın qərarı ilə oradaca güllələnir. Azərbaycanda pedaqoji təhsilin inkişafında misilsiz xidmətləri olan Pənah Qasımov zorakılıq və işgəncələrə dözə bilməyib həbsxanadaca ölür. Xalqımızın şifahi yaradıcılıq nümunələrinin toplanmasında fədakarlıq göstərən ədəbiyyatşünas alim Hənəfi Zeynallı da zəkasının, ədəbiyyata vurğunluğunun qurbanı olur, güllələnir. Əhməd bəy Pepinov, qurultayın yeganə azərbaycanlı qadın nümayəndəsi Ayna Sultanova, Həmid Sultanov, Mirzə Hüseynov, universitet müəllimi Cəlil Məmmədzadə, pedaqoq Müseyib İlyasov, maarif xadimi Hüseyn Musayev, dilçilik və ədəbiyyatşünaslığa qısa ömür müddətində 10 kitab bəxş etmiş Vəli Xuluflu, dilçi-alim Abdulla Ağazadə, qurultayın rəyasət heyətinin üzvü Həbib Cəbiyevin günahı o qədər böyük, şəxsiyyətləri o qədər təhlükəli idi ki, yerli ölüm dəyirmanının üyüdə bilmədiyi cəzanı Moskva – SSRİ Ali Məhkəməsi verir. Türkoloji elmin aparıcı simaları fiziki və mənəvi cəhətdən məhv edilir, elmi fəaliyyətləri kəskin şəkildə məhdudlaşdırılır.
Əhməd Cavad, Əbülfəz Qarayev, Dadaş Bünyadzadə, Mustafa Quliyevlə yanaşı, qurultayda iştirak etmiş bir sıra qazax, başqırd, tatar və özbək ziyalıları, Samoyloviç, Zifeld, Xalid Xocayev kimi dilçi-alimlər 1937-1938-ci illərdə “millətçilik”, “pantürkizm”, “antisovet təşkilat”ın üzvü kimi ittihamlarla güllələnir, sürgün edilir, əsərləri yandırılır. Onların fəaliyyəti yalnız fərdi talelərin faciəsi deyil, bütövlükdə türkoloji elmin inkişafına vurulan ağır zərbə olur. Türkoloji düşüncə yalnız elmi istiqamət kimi deyil, həm də milli özünüdərk forması kimi qəbul edildiyindən sistemli şəkildə boğulmağa məruz qalır.
Bununla belə, repressiya siyasəti türkoloji düşüncəni tamamilə məhv edə bilməmişdir. Qurultayda səslənən ideyalar uzun müddət susdurulsa da, zaman keçdikcə yenidən elmi dövriyyəyə daxil olmuş, müasir türkoloji tədqiqatların ideya əsaslarından birinə çevrilmişdir. Bu fakt elmi fikrin zorakılıq qarşısında belə davamlı olduğunu və tarixi proseslərdə öz yerini qoruyub saxladığını göstərir.
I Bakı Türkoloji Qurultayının taleyi elmin, milli kimliyin və mədəni yaddaşın totalitar ideologiya ilə toqquşmasının bariz nümunəsidir. Elmin bayramı kimi başlayan bu qurultay sonradan repressiya ilə insanlığın acı rekviyeminə çevrilsə də, onun elmi və mənəvi irsi bu gün də türk xalqlarının mədəni yaddaşında yaşayır və gələcək nəsillər üçün dəyərli dərs olaraq qalır.
Nazilə Abdullazadə,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,“Tərəqqi medalı” mükafatçısı



