AnalitikaGündəmSiyasət

Humanizm Prezident İlham Əliyevin fəaliyyətinin başlıca prinsipidir

Müstəqil və müasir Azərbaycan dövlətinin qurulması, onun dayaqlarının möhkəmləndirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi zəkasının və gərgin əməyinin nəticəsidir. Ümummilli Liderin müasir dövlət quruculuğu prosesində önəm verdiyi əsas məqamlardan birini insan amilinin ön plana çıxarılması, insan hüquq və azadlıqlarının qorunması təşkil etmişdir. Ulu Öndərin müəllifi olduğu əsas qanun – Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin bu təməl prinsiplərini hüquqi cəhətdən formalaşdırmış, onun Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Ulu Öndərin müəyyən etdiyi prinsiplərə əsaslanan dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün uğurla həyata keçirilir.

Fəaliyyətində insan amili, vətəndaşların rifahı, sosial ədalət və mərhəmət kimi mühüm prinsiplərə əsaslanan Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində hazırda ölkəmizdə humanizmə dayanan cinayət-hüquq siyasəti formalaşmışdır. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Konstitusiyasının ali hüquqi qüvvəsinin bütün ölkə ərazisində bərqərar edilməsi və suverenliyimizin bərpası kimi mühüm tarixi nailiyyətlərə imza atmışdır. Xalqımızın bu böyük tarixi qələbələrini nəzərə alaraq, habelə humanist və mərhəmətli yanaşmanı əsas götürərək cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq Prezident İlham Əliyev 2025-ci il dekabrın 15-də amnistiya elan edilməsi təşəbbüsünü irəli sürmüşdür.

Amnistiya aktının layihəsi ilk növbədə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanları əhatə edir. Amnistiya nəticəsində həmin şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri, həmçinin böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçiriləcək amnistiya aktı əhatə etdiyi şəxslərin sayına görə müstəqil Azərbaycan Respublikasının tarixinə ən böyük amnistiya aktı kimi düşəcək. Aktın ümumilikdə 20 mindən çox şəxsə şamil edilməsi proqnozlaşdırılır . Təxminlərə görə bu humanist addım sayəsində 5 mindən çox məhkum azadlıqdan məhrum etmə cəzasından azad ediləcək, bu cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzası azaldılacaq, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkum isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxs cinayət məsuliyyətindən azad ediləcək.

Qeyd etmək yerinə düşər ki, bu humanist təşəbbüs Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyətləri dövründə dəfələrlə təkrar olunmuş və minlərlə insanın öz səhvlərindən nəticə çıxararaq normal həyata qayıtmasına vəsilə olmuşdur. Statistika göstərir ki, 1995-ci ildən günümüzədək qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil olunmuşdur. Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə 32 əfv fərmanı, 7 amnistiya aktı, Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə 39 əfv sərəncamı və 5 amnistiya aktı imzalanmış və qəbul edilmişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2021-ci ildə Zəfər Günü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş amnistiya aktı 17 mindən artıq şəxsi əhatə etmişdir. Ümumilikdə 1995-ci ildən günümüzədək 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunmuşdur. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunmuşdur. İnsanlara qayğısı və şəfqəti ilə xalqımızın sevgisini qazanmış Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktı qəbul edilməsi ilə bağlı təşəbbüs irəli sürmüşdür.

Əsası Ümummilli Lider Heydər Əliyev dövründə qoyulan, humanizm və insanpərvərlik kimi dəyərlərə söykənən bu siyasətin məqsədini sağlam vətənə, milli vətənpərvərlik ideyalarına bağlı cəmiyyətin formalaşdırılması təşkil edir. Cənab Prezidentin bu təşəbbüsü də cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə bəslənən ümidi ifadə edir. Biz inanırıq ki, həmin şəxslər dövlət başçısının və ictimaiyyətin ümidlərini doğruldacaq, onlara verilmiş bu imkandan düzgün istifadə edərək cəmiyyət üçün yararlı vətəndaşlara çevriləcəklər.

Minurə Nuriyeva,
Xəzər rayonu, 292 №-li tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button