Heydər Əliyev və azərbaycançılıq
Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri–müstəqil Azərbaycan, əbədi Azərbaycan qoyub getdi. Yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı.
Azərbaycançılıq ideologiyası ittihadçılığın əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Belə birlik isə ana dili vasitəsilə baş tutur. O, dilimizdən dərin zövq alır, milli qürur duyurdu. Bu baxımdan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanı böyük tarixi əhəmiyyətə malikdir.
Müdrik şəxsiyyət “Kitabi Dədə Qorqud” , M.Füzuli və “Manas” haqqında fərmanları və fikirləri ilə ədəbiyyat vasitəsilə türk birliyini yaratmağın yolunu göstərdi. Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi dövlət idarəçiliyində zəngin təcrübəsi olan böyük şəxsiyyətin tarixi xidmətidir. Azərbaycançılıq ulu öndərin təkcə əməllərində deyil, qəlbində və zəkasında, əzəmətli şəxsiyyətində idi.
“Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər dövlətçilik ideallarını və azərbaycançılıq nəzəriyyəsini təsdiq edir.
Rzayeva Səmayə,
Xəzər rayonu, H.Z. Tağıyev adına 123№li tam orta məktəbin müəllimi