Analitika

“Heydər  Əliyev -Müstəqilliyimizin memarı”

İnsan var- ev, ailə üçün, insan var – el üçün doğulur. Bəli, ömrünü, həyatını, fəaliyyətini elinə, xalqının azad və müstəqilliyinə həsr edən şəxsiyyətlərdən biri,bəlkə də, birincisi idi – Heydər Əliyev. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü.

“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, – deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.

Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə – doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər… Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”.

Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Sonralar o, bu təhlükəli tarixi məqamı belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.

Heydər Əliyevin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri səylə nəzərə alınır. Bununla belə, onun konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir.

Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını  təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə Ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə inam hissi, taxt-taca hörmət gücləndi. Heydər Əliyevin yeni tarixi dövrdə — 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı. Müdrik şəxsiyyətin ideyalarının əzmkar davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasətin tarixi rolundan bəhs edərkən demişdir: “Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir… İndiki siyasət bir çox onilliklər üçün nəzərdə tutulmuş siyasət olmalıdır. Əks halda, Azərbaycan yenə də hansısa hərc-mərcliyə məruz qalabilər”. Bu sətirlərdə Heydər Əliyev siyasətinə, onun ideologiyasına qüvvətli inam və İlham Əliyevin qalibiyyət əzmi ifadə olunur. Bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Azərbaycanın və hər bir azərbaycanlının Prezidenti İlham Əliyevdir.

Ulu öndərin formalaşdırdığı milli dövlətçilik ideologiyasında azərbaycançılıq təlimi ön plana çəkilmişdir. Dünya Azərbaycanlılarının I qurultayındakı çıxışında o qeyd etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini, yaşatmalıyıq”. Belə demək olar ki, Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvünü vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə edən qürur mənbəyimizdir. Hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş, milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi. “Dəmir yumruq” əməliyyatı nəticəsində torpaqlarımız 30 illik işğaldan sonra azad edildi.

Bəli, bugün əminliklə söyləyə bilərik ki, ulu öndərin  milli ideologiya siyasətinin  layiqli davamçısı İlham Əliyev hakimiyyəti illərində xalqımız və vətənimiz üçün çox böyük işlər görmüşdür. Bugün Azərbaycan dünya arenasında həm siyasi,həm strateji,həm də dövlətçilik baxımından qabaqcıl ölkələrdəndir.

Biz bundan sonra da azərbaycançılıq məfkürəsinin davam və inkişaf etdirilməsini, milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşdirilməsini və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməliyik.

Elnarə İsgəndərova,
Xəzər rayonu Ə.Əliyev adına 125 saylı tam  orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button