Analitika

Heydər Əliyev mədəniyyət xadimlərimizə hər zaman xüsusi diqqət göstərib

Tarixinin müxtəlif taleyüklü mərhələlərində xalqları ağır sınaqlardan çıxarmaq vəzifəsi həmişə müvafiq dövrlərin böyük şəxsiyyətlərinin üzərinə düşüb. Təsadüfi deyil ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır.  Xalqımız da müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, Heydər Əliyev şəxsiyyəti ilə hər zaman fəxr edəcək, onu qürur hissi ilə xatırlayacaq. 

Gələcəyimizin naminə Heydər Əliyev siyasətinin fəlsəfi mahiyyətini açıb göstərmək, onu yaşatmaq və nəsillərə ötürmək olduqca vacib və əhəmiyyətlidir. Çünki  Heydər Əliyevin siyasi, dövlətçilik və milli ideologiya ilə bağlı baxışları, fəlsəfi-nəzəri irsi Azərbaycan ictimai-siyasi fikrinin inkişafına təsir edir və xüsusi mərhələ təşkil edir. Heydər Əliyevin gərgin zehni və fiziki əməyinin, uzaqgörənliyinin nəticəsində Azərbaycanın ictimai-siyasi, iqtisadi mənzərəsi önəmli şəkildə dəyişdi. 

Dövlətçilik ənənələrimiz sübut edir ki, ölkəmizin ərazisində mövcud olmuş qədim dövlətlər də, orta əsrlərdəki böyük imperiyalar da, müstəqil dövlət qurumları olan xanlıqlar da, respublikalar da, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Sovet Sosialist Respublikası, bugünkü müstəqil Azərbaycan da milli dövlətçiliyin ayrı-ayrı müstəqil təzahürləridir. Bu dövlətlər həm də böyük vahid tarixi prosesin ayrı-ayrı hissələrini təşkil edir. 

Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəgiz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli, nurlu əməllər sahibi olan şəxsiyyətlər bəxş etmişdir. Heydər Əliyev bu görkəmli şəxsiyyətlərin qəhrəmanlıqlarını “vətənpərvərlik məktəbi, vətənin bütövlük, birlik təcəssümü” kimi səciyyələndirir, onların həyat və fəaliyyətlərinin xalqımızın vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirdiyini, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirdiyini göstərirdi.

“Dövlətimiz müstəqil dövlətdir, formalaşır. Onun özünün yüksək mükafatları var. Ən yüksək mükafat təsis olunub – bu, “İstiqlal” ordenidir. Kimə birinci çatmalıdır bu orden? Mən bir neçə aydır bu haqda düşünürəm. Çox götür-qoy eləmişəm və xeyli müddət bundan qabaq belə qərara gəlmışəm ki, bu orden bax bizim şəxsiyyətlərimizə çatmalıdır. Şəxsiyyətlərimiz birinci növbədə buna layiq görülməlidirlər. Buna görə də dünən mən fərmanlar verdim, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə hörmətli şairimiz Bəxtiyar Vahabzadə, hörmətli şairimiz Məmməd Araz və çox hörmətli şairimiz, mərhum Xəlil Rza bu ordenlə təltif edildilər. Güman edirəm ki, mən doğru addım atmışam və hesab edirəm ki, xalqımız, ictimaiyyətimiz bunu yaxşı qarşılayacaq. Mən artıq bu gün aldığım məlumatlardan hiss eləyirəm ki, bunu yaxşı qarşılayacaqlar. Ona görə də sizi təbrik eləyirəm, Məmməd Araz, səni təbrik eləyirəm, Bəxtiyar, səni təbrik eləyirəm. Sizin uzun illər həqiqətən xırda-xırda, misra-misra, damcı-damcı yaratdığınız əhvali-ruhiyyə Azərbaycan xalqını gətirib bugünkü vəziyyətə çıxartdı”.

Heydər Əliyev Azərbaycanın görkəmli ziyalıları Bəxtiyar Vahabzadəni, Məmməd Arazı və Xəlil Rza Ulutürkü məhz milli azadlıq hərakatındakı xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif etdi. 4-cü ordeni Mirvarid Dilbaziyə verərkən onun Azərbaycan ədəbiyyatındakı xidmətlərini nəzərə almaqla siyasi palitranı obyektiv dəyərləndirdi. 

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button