AnalitikaGündəmSiyasət

Heydər Əliyev: Azərbaycan elminin strateji inkişaf xəritəsinin müəllifi

Hər il dekabr ayının 12-si Azərbaycan xalqı üçün təkcə tarixi bir gün deyil, həm də milli yaddaşın, dövlətçilik düşüncəsinin yenidən oyanış anıdır. Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür – xalqın taleyinə yazılmış böyük bir şəxsiyyətin xatirəsinin ehtiramla yad edildiyi gündür. Bu gün həm də onun qoyub getdiyi dövlətçilik irsinin böyüklüyünün bir daha dərk edildiyi, müstəqil Azərbaycanın necə möhkəm təməllər üzərində qurulduğunun xatırlandığı gündür.

Azərbaycan elm tarixinin hər fəslində, hər nailiyyətində, hər yeniliyində bir ad var: Heydər Əliyev adı. Bu ad təkcə siyasi yaddaşın deyil, həm də elmi düşüncənin, intellektual dirçəlişin simvoluna çevrilmişdir.

Ümummilli Liderin anım günləri yaxınlaşanda ölkənin tanınmış alimləri, akademik dairələri, elmi-tədqiqat mərkəzləri bir daha onun elmə və təhsilə göstərdiyi diqqəti, yaratdığı mühitin misilsiz əhəmiyyətini xatırlayırlar. Bu xatırlayış sadəcə nostalji deyil – bir təşəkkür, bir borc, bir öhdəlikdir.

Heydər Əliyevin elm adamları tərəfindən xüsusi hörmətlə anılmasının başlıca səbəbi onun elmə verdiyi strateji dəyər idi. O, yaxşı bilirdi ki, elmi inkişaf etməyən xalq müasir dünyanın sərt rəqabətində geri qalacaq. Buna görə də hələ ötən əsrin 70-ci illərində Azərbaycanda elmi-tədqiqat institutlarının maddi-texniki bazasının yenilənməsi, gənc kadrların Moskvaya və dünyanın aparıcı mərkəzlərinə göndərilməsi, fundamental elmi məktəblərin formalaşması dövlət siyasətinin prioritetinə çevrildi.

Azərbaycan elminin tarixi çoxəsrlik ənənələrə söykənsə də, onun müasir inkişaf fəlsəfəsini formalaşdıran, elmi siyasətini milli dövlət strategiyasının əsas sütununa çevirən şəxsiyyət var: Heydər Əliyev. O, təkcə siyasi lider deyildi – intellektual potensialın milli sərvət olduğunu dərindən dərk edən, elmə strateji baxış gətirən, düşünən cəmiyyətin inkişafını təmin edən böyük dövlət xadimi idi.

Bu gün Azərbaycan alimləri, elmi mərkəzlər, tədqiqat institutları Heydər Əliyevin yaratdığı elmi idarəetmə modelinə istinad edir, onun müəyyən etdiyi inkişaf xəritəsinin davam etdiyini xüsusi vurğulayırlar. Çünki həmin xəritənin mərkəzində bir ideya dayanırdı: elmi olmayan xalqın gələcəyi də olmaz.

Azərbaycan elminin müasir siması, intellektual inkişaf modeli və elmi idarəetmə fəlsəfəsi müəyyən bir tarixi mərhələdə – 1969-1982-ci illərdə formalaşmağa başladı. Bu illər təkcə iqtisadi-sosial dirçəlişin deyil, həm də ölkənin elmi düşüncə sisteminin yenidən qurulduğu bir dövr kimi yadda qaldı. Həmin yenilənmənin baş memarı Heydər Əliyev idi!

Onun rəhbərliyə gəlişi ilə Azərbaycanın elmi məkanında yeni ideyalar, yeni strategiyalar, yeni hədəflər doğuldu. Bu strategiya təsadüfi addımların deyil, elmi və analitik düşüncənin məhsulu olan uzunmüddətli inkişaf xəritəsinin təməlini qoydu.

1969-cu ildə respublikanın elmi-tədqiqat müəssisələri, laboratoriyalar, akademik strukturlar durğunluq və resurs çatışmazlığı ilə üz-üzə idi. Gənc alimlərin böyük hissəsi elmi fəaliyyəti dayandırır, elmi mərkəzlər yeni texnika və avadanlıq çatışmazlığından əziyyət çəkirdi. Heydər Əliyev vəziyyəti düzgün qiymətləndirərək ilk növbədə qarşıya iki əsas hədəf qoydu: elmin maddi-texniki bazasının təcili yenilənməsi və elmi kadr potensialının gücləndirilməsi və davamlı inkişafın təmin edilməsi. Bu iki hədəf sonralar Azərbaycanın elmi yüksəlişinin koordinatlarına çevrildi.

Heydər Əliyevin nəzarəti və rəhbərliyi sayəsində Azərbaycan elminin fundamental sahələrində – riyaziyyat, fizika, kimya, bioloji elmlər, geologiya, energetika, kənd təsərrüfatı elmləri, humanitar sahələrdə yeni elmi məktəblər formalaşdı.

Bu məktəblərin yaranması aşağıdakı qərarların nəticəsi idi:

– elmi institutlara dövlət dəstəyinin artırılması;

– yüksək ixtisaslı mütəxəssislərin respublikaya cəlb edilməsi;

– gənc kadrların İttifaqın aparıcı elmi mərkəzlərində təhsil alması;

– elmi-tədqiqat layihələrinin maliyyələşdirilməsinin genişləndirilməsi.

1969-1982-ci illər elmlə təhsilin qarşılıqlı bağlılığının gücləndiyi dövr oldu. Heydər Əliyevin təşəbbüsü ilə institutlarda və Bakı Dövlət Universitetində (Azərbaycan Dövlət Universiteti) yeni laboratoriyalar açıldı, ali məktəblərin elmi potensialı artırıldı, tədqiqat işləri tədris prosesinə daxil edildi, professor-müəllim heyətinin peşəkarlığı yüksəldildi.

Bu addımlar elmin institut divarlarından çıxaraq daha geniş intellektual mühitə yayılmasına imkan yaratdı. Gənclər elmi fəaliyyətə maraq göstərməyə başladı, innovativ düşüncə formalaşdı.

Heydər Əliyev elmi yalnız nəzəri bilik kimi görmürdü. Onun baxışında elm iqtisadiyyatın, sənayenin və milli inkişafın hərəkətverici qüvvəsi idi. 1970-1980-ci illərdə neft sənayesində yeni texnoloji tətbiqlər, kənd təsərrüfatında yüksək məhsuldarlığa yönəlmiş elmi metodlar, maşınqayırma və kimya sənayesində innovativ texnoloji həllər, energetika sahəsində tədqiqat layihələri ölkənin praktik inkişafında mühüm rol oynadı. Azərbaycanın elmi ilk dəfə olaraq geniş şəkildə real iqtisadi proseslərin ayrılmaz hissəsinə çevrildi.

Heydər Əliyev elmin gələcəyini gənclərdə gördüyü üçün kadr hazırlığına xüsusi diqqət yetirirdi. O dövrdə minlərlə gənc SSRİ-nin qabaqcıl universitetlərinə göndərildi, doktorantura və aspirantura proqramları genişləndirildi. Qadın alimlərin elmə cəlb olunmasına şərait yaradıldı, elmi dərəcə və elmi adların verilməsi prosesi stimullaşdırıldı. Bu qərarlar nəticəsində Azərbaycan güclü elmi kadrlara malik ölkə kimi formalaşdı. Bir sözlə, 1969-1982-ci illər Azərbaycanın elmi tarixində yeni səhifə açdı. Heydər Əliyevin yaratdığı strateji inkişaf xəritəsi elmi düşüncənin, texnoloji tərəqqinin, kadr potensialının və milli intellektual kapitalın formalaşmasına xidmət etdi.

Elmi idarəetmədəki uzaqgörənliyi, analitik yanaşması, təhsilə və elmə göstərdiyi diqqət Azərbaycan elmini yeni keyfiyyət mərhələsinə yüksəltdi. Məhz buna görə də 1969-1982-ci illər Azərbaycan elminin sistemli yüksəliş dövrü, Heydər Əliyev isə həmin yüksəlişin strateji xəritəsinin müəllifi kimi tarixə həkk olundu…

1990-cı illərin əvvəlləri Azərbaycanın ictimai-siyasi tarixində olduğu kimi, elmi həyatında da dərin böhran dövrü idi. Müstəqilliyin ilk illərində ölkə iqtisadi cəhətdən çökmüş, elmi-tədqiqat institutları fəaliyyət imkanlarını itirmiş, maliyyə çatışmazlığı səbəbindən minlərlə alim elmi tədqiqatlarını yarımçıq qoymaq məcburiyyətində qalmışdı. Elm sisteminin dağılması real təhlükəyə çevrilmişdi. Belə bir zamanda – 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə siyasi sabitliyi deyil, həm də elmin dövlət maraqlarına uyğun olaraq yenidən qurulmasını təmin etdi. Bu dövr onun Azərbaycan elmi üçün hazırladığı yeni strateji xəritənin formalaşdığı mərhələdir. Bu xəritə ölkənin intellektual potensialının qorunmasına, inkişafına və müasir dünya elminə inteqrasiyasına xidmət edən konseptual proqram idi.

1993-1995-ci illər Heydər Əliyevin ən çətin qərarları verdiyi illər idi. Ümummilli Lider elm sahəsini bütövlükdə dağılmaqdan qorumaq üçün aşağıdakı təcili tədbirləri həyata keçirdi:

– elmi-tədqiqat institutlarının fəaliyyətinin tam dayanmasının qarşısı alındı;

– elmi müəssisələrin maliyyələşdirilməsi üçün dövlət vəsaiti ayrıldı;

– alimlərin işdən çıxarılmasının qarşısı alındı, sosial müdafiə tədbirləri gücləndirildi;

– elmi infrastrukturun dağılan sahələri bərpa edildi.

Bu addımlar Azərbaycanın intellektual mühitini qorumağa yönəlmiş strateji müdafiə xətti idi.

1997-2003-cü illərdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası köklü şəkildə yenidən quruldu. AMEA-nın strukturu təkmilləşdirildi, elmi-təşkilati idarəetmə sistemi modernləşdirildi, yeni elmi bölmələr yaradıldı, tədqiqat institutları arasında koordinasiya gücləndirildi, AMEA-nın hüquqi statusu möhkəmləndirildi.

Heydər Əliyevin elm siyasətində ən önəmli istiqamətlərdən biri elm və təhsilin birlikdə inkişafı idi. Ona görə də 1993-2003-cü illərdə universitetlərdə elmi-tədqiqat mərkəzləri yaradıldı, yeni ixtisaslar açıldı, magistratura formalaşdı, doktorantura hazırlığı gücləndirildi, ali təhsil müəssisələrinin dünya universitetləri ilə əməkdaşlığı genişləndirildi…

Bir sözlə, 1993-2003-cü illər Azərbaycan elminin müstəqil dövlət şəraitində yenidən doğulduğu, özünü bərpa etdiyi, beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirdiyi dövrdür. Bu strategiyanın müəllifi – Heydər Əliyev Azərbaycan elmini yalnız qoruyub saxlamadı, onu müasir inkişaf trayektoriyasına yönəltdi.

O, elmi inkişafın konsepsiyasını tərtib etməklə ölkənin intellektual gələcəyini sığortaladı və yeni dövrün elmi paradiqmasını formalaşdırdı. Bugünkü elmi uğurlar, innovativ layihələr, texnoloji nailiyyətlər məhz 1993-2003-cü illərdə müəyyənləşdirilən strateji xəritənin məntiqi davamıdır.

İradə Sərdarova,
Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan Dillər Universitetinin dosenti, YAP-ın üzvü

 

Oxşar Xəbərlər

Back to top button