
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət, təkcə Bakıda deyil, bütövlükdə ölkə ərazisində dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklə yadda qalmışdır. Sovet ordusunun ağır texnikalarının şəhərə yeridilməsi nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilmiş, minlərlə insan yaralanmış, onlarla ailə faciə ilə üz-üzə qalmışdır.
20 Yanvar hadisələri öz mahiyyətinə görə Azərbaycan xalqının milli azadlıq iradəsini boğmaq, müstəqillik arzularını zor gücü ilə susdurmaq məqsədi daşıyırdı. Lakin bu qanlı əməliyyat əks nəticə vermiş, xalqın azadlıq əzmini sarsıtmaq əvəzinə, onu daha da gücləndirmişdir. Azərbaycan xalqı sübut etmişdir ki, azadlıq ideyası güllə və tanklarla məhv edilə bilməz.
Faciənin baş verdiyi ilk saatlardan etibarən informasiya blokadası yaradılmış, əhaliyə real məlumatların çatdırılması əngəllənmişdir. Bütün təzyiqlərə baxmayaraq, xalq öz şəhidlərini böyük izdihamla son mənzilə yola salmışdır. Bu, təkcə matəm mərasimi deyil, eyni zamanda milli həmrəyliyin, siyasi iradənin və mübarizə əzminin təzahürü idi. 20 Yanvar şəhidləri Azərbaycan tarixində azadlığın ilk qurbanları kimi əbədi yaddaşlara həkk olunmuşdur.
20 Yanvar faciəsinə obyektiv və prinsipial siyasi-hüquqi qiymətin verilməsi isə məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hadisələr baş verən zaman Moskvada yaşayan Heydər Əliyev böyük risklərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin bu qanlı əməlini açıq şəkildə pisləmişdir. O, bu çıxışı ilə totalitar rejimin təzyiqləri fonunda həqiqəti cəsarətlə söyləyən nadir siyasi liderlərdən biri kimi tarixə düşmüşdür. Bu mövqe həm Azərbaycan xalqına mənəvi dəstək olmuş, həm də dünya ictimaiyyətinin diqqətini baş verən faciəyə yönəltmişdir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi və hüquqi qiymət verən mühüm qərar qəbul olunmuşdur. Azərbaycan xalqının iradəsini və ümumi mövqeyini əks etdirən bu sənəd Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyinin, siyasi iradəsinin və tarixi məsuliyyətinin nümunəsi kimi yadda qalmışdır. Qərarda 20 Yanvar faciəsinə Respublika miqyasında obyektiv siyasi-hüquqi qiymətin verilməsi tələbi açıq şəkildə ölkə rəhbərliyi qarşısında qoyulmuşdur. Lakin müstəqilliyin bərpasından sonra belə, 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətdə olan qüvvələr bu ağır faciə ilə bağlı həqiqətləri tam şəkildə üzə çıxarmaq, günahkarları müəyyənləşdirmək və hadisəyə layiqli siyasi-hüquqi qiymət vermək üçün lazımi qətiyyət nümayiş etdirməmişdilər. Bu baxımdan Naxçıvanda qəbul edilmiş həmin tarixi qərar 20 Yanvar faciəsinə obyektiv münasibətin formalaşmasında və milli yaddaşın qorunmasında xüsusi əhəmiyyət daşıyır.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin hüquqi-siyasi qiymət alması üçün ardıcıl və prinsipial addımlar atmışdır. 1994-cü il martın 29-da Azərbaycan Respublikasının Milli Məclisi “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etmişdir. Bu qərarla 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, sovet rəhbərliyinin və konkret olaraq SSRİ-nin ali siyasi-hərbi rəhbərliyinin məsuliyyəti açıq şəkildə bəyan olunmuşdur.
Heydər Əliyev 20 Yanvar hadisələrini Azərbaycan xalqına qarşı yönəlmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirərək, bu faciənin unudulmamasını, gələcək nəsillərə düzgün çatdırılmasını daim ön planda saxlayırdı. Onun siyasi iradəsi nəticəsində 20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində uca tutulmuş, Şəhidlər xiyabanı müqəddəs ziyarətgah səviyyəsinə yüksəlmişdir. Bu, təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə verilən milli dərs idi.
Bu gün Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinə xüsusi ehtiram göstərir. Hər il yanvarın 20-də ölkə rəhbərliyinin Şəhidlər xiyabanını ziyarət etməsi, şəhid ailələrinə göstərilən diqqət və qayğı, bu faciənin yaddaşlarda daim yaşadılması istiqamətində həyata keçirilən tədbirlər dövlət səviyyəsində bu hadisəyə verilən qiymətin bariz nümunəsidir. 20 Yanvar hadisələri müasir Azərbaycanın müstəqillik ideologiyasının formalaşmasında mühüm rol oynayıb və bu gün də milli birliyin rəmzi kimi çıxış edir.
Tarix göstərdi ki, 20 Yanvar yalnız faciə deyil, həm də milli oyanışın, azadlıq ruhunun və dövlətçilik şüurunun zirvəsidir. Ümummilli Lider Heydər Əliyevin bu hadisəyə verdiyi obyektiv siyasi-hüquqi qiymət isə Azərbaycan dövlətçiliyinin prinsipial mövqeyinin təcəssümü kimi tarixə yazıldı. Bu gün də 20 Yanvar şəhidləri Azərbaycan xalqının qürur mənbəyi, müstəqil dövlətimizin sarsılmaz təməlidir.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



