Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etmək tariximizi unutmamaq üçündür
Erməni millətçilərin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırımı uzun bir tarixə malikdir. 1905-ci ilin fevralında Bakıda başlanan erməni-müsəlman qırğınları bir təsadüf nəticəsində deyil, hər biri erməni vandalları tərəfindən planlı şəkildə baş vermişdir. Bakıda başlanan qırğın may-iyun aylarında Gəncə, Qarabağ, Şirvan, Zəngəzur, İrəvan, Şuşa, Cəbrayıl, Cavanşır, Qaryagin və başqa bölgələri də əhatə etdi. Təxminən iki ilə qədər davam edən qanlı toqquşmalar nəticəsində Azərbaycan şəhərlərinə böyük zərər dəymiş, 300-dən çox müsəlman kəndi dağıdılmış, müxtəlif məlumatlara görə, ölənlərin sayı 80-100 min nəfərə çatmışdı. İki ilin hadisələri Azərbaycan tarixində ermənilər tərəfindən sonralar silsilə halını almış, xalqımıza qarşı soyqırımın ilk mütəşəkkil mərhələsi olmuşdur. Bu istiqamətdə ən dəhşətli hadisələr 1918-ci ildə baş verib.
1918-ci ilin 30 mart – 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycanlılara qarşı baş vermiş bu dəhşətli faciəyə görə, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də sonradan unudulub. Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.
Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən tarixi sənədlə martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilib. Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik. Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hal-hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır. Cənab Prezidentimiz İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Səba Rzayeva,
YAP-ın gənc fəalı.