
Prezident İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri zamanı iyulun 14-də Şuşada verdiyi bəyanatda qeyd edib ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir.
Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi məmnunluqla xatırlayıram və mənə göstərilən qonaqpərvərliyə görə bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm.
Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.
2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.
Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri də bu gün və sabah – daim təmasdadırlar.
Prezidentin səfəri sabah Bakıda davam edəcək. Mənim dəvətimi qəbul etdiyi və o cümlədən səfərini Qarabağa etdiyi üçün cənab Prezidentə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir.
Ləman Cəlilova,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru



