AnalitikaGündəmOrdu

Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir

Hər bir xalqın tarix səhnəsində mövcudluğunu təsdiq edən simvollar var: bayraq, gerb, himn. Lakin bu rəmzlərin dalğalanması, tanınması və toxunulmaz qalması üçün arxalarında duran real, fiziki bir gücə ehtiyac var. Bu güc müstəqil dövlətin sadəcə müdafiə mexanizmi deyil, onun suverenliyinin ən birbaşa və sarsılmaz atributu olan Milli Ordudur. Ordu, beynəlxalq hüququn dövlət üçün işləməsini təmin edən faktiki təminatçıdır. Ordu sadəcə silah və hərbi taktikaların cəmi deyil. O, həm də cəmiyyəti birləşdirən, vətəndaşlıq şüurunu formalaşdıran sosio-mədəni bir institutdur. Gənclərin eyni amal uğrunda bir araya gəlməsi, çətinlikləri birlikdə dəf etməsi milli birliyin əsasını qoyur. Məhz ordular içərisində dünyaya əsil vətənpərvərlik və vahid komandanlığın sübutunu yetirən təbii ki, bizim ordudur.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu strategiyası nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsası möhkəm təməl üzərində qurulmuş, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə isə ordumuz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malik, müasir silah və texnika ilə təchiz olunmuş, regionun ən güclü ordularından biridir.

Azərbaycan əsgəri hər zaman Vətənə sədaqətin, xalqına bağlılığın və qəhrəmanlığın nümunəsini nümayiş etdirib. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər ordumuzun gücünü, xalqımızın sarsılmaz iradəsini və dövlətimizin qüdrətini bütün dünyaya göstərdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək xalqımıza böyük Qələbə sevincini yaşatdı.

26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü müstəqil Azərbaycanın həyatında xüsusi əhəmiyyət daşıyan tarixi günlərdən biridir. Bu əlamətdar tarix dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və ordumuzun gücünün təcəssümüdür.

Silahlı Qüvvələr Günü həm də xalq-ordu birliyinin təntənəsidir. Azərbaycan xalqı hər zaman öz ordusunun yanında olub və bu birlik ölkəmizin ən böyük güc mənbələrindən birinə çevrilib. Güclü ordu güclü dövlətin əsas təminatçısıdır və bu gün Azərbaycan məhz belə bir qüdrətli dövlət kimi inkişaf yolunu uğurla davam etdirir.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button