
Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan gənclər ordusu formalaşıb. Dövlət başçısı İlham Əliyev «Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir – bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin» fikirləri ilə gənclərə inamını ifadə edir.
2 fevral- Gənclər Gününü qeyd edirik. Hər bir əlamətdar gün keçilən yolun təhlilini bir zərurət kimi qarşımıza qoyur. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev, eyni zamanda, bildirmişdir ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Dahi şəxsiyyət Heydər Əliyev bu çağırışı etmişdir ki, Azərbaycan gəncliyi vətənpərvər, müasir dünyagörüşə malik gənclikdir. Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycana rəhbərliyinin hər iki mərhələsində ölkəmizin hərtərəfli inkişafı, dünyada tanınması, nüfuzunun möhkəmlənməsi naminə böyük xidmətlər göstərən Ulu Öndər daim gənclərə aparıcı qüvvə kimi dəyər vermişdir. Gənclərə diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi ilə ölkədə gənclər siyasətinin qanunvericilik bazası formalaşdırıldı. Gənclərin sosial, iqtisadi, məişət, elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən, istedadların aşkara çıxarılmasına imkan yaradan sərəncamlar əsasında Dövlət Proqramları qəbul edildi.
Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri olub. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Son 22 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin milli ruhda tərbiyəsini qarşıya mühüm vəzifə kimi qoydu. Dövlət başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri uzaqgörən siyasətin göstəricisi kimi qiymətləndirilir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, potensial imkanlarına inamı artıb. Ötən bu dövr ərzində Azərbaycan gəncliyinin inkişafına yönələn addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə on min manat məbləğində verilir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
44 günlük İkinci Qarabağ müharibəsi bütün dövrlərdə gənclərə çağırış olan vətənpərvərlik, milli ruh, dövlət maraqlarını qorumaq kimi mühüm prinsiplərin təqdimatı oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri



