Analitika

Hər bir addımın arxasında güclü siyasi iradə, güc, məntiq dayanır

Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı onu da əlavə etdi ki, bu gün  azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq. Keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır. Azərbaycan   Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibdir.  Strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir.  Son iki il yarım ərzində Ordumuz böyük dərəcədə gücləndirilib.  Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır. «Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq – bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğrudan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı. Zəngilanın Ağalı kəndində uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq» söyləyən dövlət başçısı İlham Əliyev  bu il 28 May-Müstəqillik Günündə Laçın şəhərinə qayıdan laçınlılarla görüşündə isə bildirdi ki, əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız,  qayıdacağımızı dediyimi görərsiniz. Bildirmişdim ki,  Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar maliyyə imkanlarımızın genişlənməsi ilə müşayiət olunur ki, bu da qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanlar açır. Hazırkı dövrün əsas çağırışı Böyük Qayıdışın tam şəkildə həyata keçirilməsidir. Artıq bu mərhələ uğurla başa çatdıqdan sonra həmin ərazilərin malik olduqları potensialdan səmərəli istifadə edərək Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi üçün xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsinə əlavə imkanlar yaranacaq. Hər bir hədəf, çağırış qarşıdakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradır. Ölkə  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı “Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır” söyləyərək onu da əlavə etdi ki,  keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır: “Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.”

Bədiyyə Sadıqova,
YAP – ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button