Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün yeni imkanlar var
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. “Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır.
Onu da bildirməliyəm ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik”, – Prezident İlham Əliyev qeyd edib.
Beynəlxalq təşkilatların rəhbərləri ilə, ayrı – ayrı dövlət başçıları ilə keçirilən işgüzar görüşlər, əldə olunan razılaşmalar, imzalanan sənədlər bir daha sübut edir ki, Azərbaycan regionun lider ölkəsidir və onun iştirakı olmadan Cənubi Qafqaz regionunda heç bir layihə, heç bir anlaşma reallaşa bilməz. Bu günlər bir çox Avropa ölkələri mövcud Azərbaycan reallıqlarını düzgün qiymətləndirərək, sözü ilə, imzası bir olan, etibarlı tərəfdaş kimi qəbul edilən, Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verən Azərbaycanla əməkdaşlıq etməyə, əlaqələr qurmağa can atır. Avropa ölkələri ilə ikitərəfli və çoxşaxəli əməkdaşlığın qurulması və inkişafı da ölkəmizin prioritet istiqamətlərindən biridir.Dövlətimizin başçısının xarici ölkələrə səfərlərində mühüm əhəmiyyətli sənədlər imzalanır, ölkəmizdə baş verən proseslər, yeniliklər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, tikinti-bərpa işləri barəsində məlumat verilir. Eyni zamanda, postmüharibə dövründə Ermənistanın yenidən atəşkəs rejimini pozmağa cəhd göstərməsi, həmçinin götürdüyü öhdəliklərə əməl etməməsi, müxtəlif bəhanələrlə sülh müqaviləsindən yayınması haqda da məlumat verilir
Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.
Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı