AnalitikaGündəmSiyasət

Həkərinin Pıçıltısı: Bir Zəfərin və Qayıdışın Hekayəsi

Dünyada elə torpaqlar var ki, onların adı çəkiləndə insanın xəyalında yalnız dağlar, daşlar, kəndlər canlanmır. O adlar bir xalqın ruhunun, nisgilinin və nəhayət, böyük qürurunun adı olur. Qubadlı bizim üçün məhz belə bir məkandır. İllərlə Həkəri çayının həsrətlə axan suları, Bərgüşadın səssiz pıçıltısı, Xanlığın, Padarın lal qalmış küçələri yalnız bir şeyi gözləyirdi: haqqın və ədalətin bərpa olunacağı o müqəddəs günü…

25 oktyabr sıradan bir təqvim günü deyil. Bu gün – bir xalqın sınmış qürurunun bərpa olunduğu, otuz illik nisgilin kəsildiyi tarixdir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sarsılmaz iradəsi və rəşadətli ordumuzun fədakarlığı sayəsində Qubadlı səmasında ucaldılan üçrəngli bayrağımız, yalnız bir şəhərin azadlığı deyil, həm də bütöv bir millətin dirçəliş müjdəsi idi. Dövlət Liderimizin dediyi kimi, Qubadlının azad olunması Şuşaya, Böyük Qələbəmizə gedən yolun qapılarını ardına qədər açan strateji və mənəvi bir dönüş nöqtəsi oldu.

Uzun illər boyu doğma yurdun həsrəti ilə yaşayan qubadlıların qəlbində bir ümid işığı heç vaxt sönmədi. O torpağın insanları hər kəndin, hər təpənin adını uşaqlarına nağıl kimi danışdılar ki, yaddaşlar silinməsin, ruhlar yadlaşmasın. Bu gün isə o nağıllar gerçəyə çevrilir. Həkəri və Bərgüşad çaylarının qovuşduğu o bərəkətli vadilər, meşə zolaqları, uca dağlar artıq öz övladlarının addım səslərini eşidir.

İndi Qubadlı təkcə zəfərin deyil, həm də yenidən doğuluşun rəmzidir. Mahruzludan Zilanlıya, Xanlıqdan şəhər mərkəzinə qədər hər bir bucaqda ucalan yeni binalar, salınan yollar və “ağıllı kənd” standartlarına uyğun qurulan yaşayış massivləri keçmişin yaralarını sarıyır. Bu gün o torpaqlara qayıdan hər bir soydaşımız oraya yalnız öz yükünü deyil, illərlə qəlbində yaşatdığı sevgini, qurub-yaratmaq eşqini aparır.

Qubadlı bu gün susmur, dindiriləndə zəfər mahnısı oxuyur. Həkərinin şırıl-şırıl axan suları artıq həsrətin deyil, vüsalın müjdəçisidir. Və bu möhtəşəm dirçəliş salnaməsi bir daha bütün dünyaya sübut edir ki, birlik olan, haqq yolundan dönməyən və öz rəhbərinin ətrafında dəmir yumruq kimi birləşən xalqı heç bir qüvvə öz doğma ocağından ayrı sala bilməz. Qubadlı azaddır, Qubadlı yaşayır və müstəqil Azərbaycanın parlaq gələcəyinə doğru inamla addımlayır!

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətcisi

Oxşar Xəbərlər

Back to top button