Analitika

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfərindən yadda qalan məqamlar

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə martın 16-da ölkəmizə rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Gürcüstanın Baş nazirini Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər qarşıladılar.

Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və xarici işlər naziri İlia Darçiaşvili daxildir. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti ilham Əliyevin dövlətimizin başçısının dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Gürcüstanın baş nazirinin ölkəmizə rəsmi səfərinin əməkdaşlığımızıpn daha da genişlənməsi işinə töhfə verəcəyi bildirildi. Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə nahar ənasında geniş tərkibdə görüşü də keçirilib. Hər iki ölkənin Prezidentləri görüşlərinin nəticələri ilə bağlı mətbuata bəyanatlarla çıxış ediblər. Çıxışların əsas məğzi mehriban qonşuluq, iqtisadi-ticari əlaqələr, enerji və nəqliyyat layihələrində birgə iştirak olub. “Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq”, deyə Prezident Əliyev qeyd edib. Onun dediyinə görə, Bakı-Tibilisi-Qars dəmir yolubir-iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlayacaq. “Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”, o qeyd edib.

Enerji layihələrindən danışarkən Əliyev qeyd edib ki, Azərbaycan qızılını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Onun fikrincə enerji layihələrinin həyata keçirilməsində Gürcüstan və Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycan prezidenti hesab edir ki, iki ölkə yaşıl enerji layihəsi üçün də örnək olacaq və yaşıl enerji layihəsini eyni müvəffəqiyyətlə icra edəcək. Dövlət başçısı bildirib ki, Gürcüstanla ticarət dövriyyəsi 900 milyon dollara yaxındır və keçən il təxminən 15% artıb. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyub.

Gürcüstanın baş naziri İrakli Kabaxidze bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə çox gözəl dialoq var, müsbət dinamika mövcuddur. “Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontestdə də olduqca vacibdir. Sülh məsələlərinə xüsusi diqqət yetirilməlidir və bizim mövqeyimiz ondan ibarət olmuşdur. Biz sabitliyə maksimum dərəcədə tovhə verməyə çalışmışıq. Biz gələcəkdə də regionumuzda bunu davam etdirəcəyik”. Onun dediyinə görə, Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata çıxışında ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı qarşılıqlı dəstək ifadə etməsini xüsusi vurğulad: “Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək.Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz”.

Gürcüstanın Baş nnaziri İrakli Kobaxidze də bu məsələyə toxunaraq “Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” fikrini bildirdi.

Prezident İlham Əliyev bildirib ki, BMT nizamnaməsi hər bir ölkənin özünümüdafiə etmə hüququnu tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. Dost, qonşu və qardaş ölkənin rəhbərinin ölkəmizə səfəri bizm üçün böyük əhəmiyyət daşıyır. Bizim şəxsi tanışlığımız dostluğa çevriləcək. Çünki xalqlarımız dost xalqlardır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.

Ləman Bayramova,
Xəzər rayonu 322 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button