Analitika

Gücünü xalqdan alan partiya

Xalqımızın taleyində müstəsna yeri olan Yeni Azərbaycan Partiyası dahi siyasi xadim və qüdrətli şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyildir ki, xalqımızın başına gətirilən müsibətlərdən çıxış yollarını arayarkən, ilk növbədə Heydər Əliyevin adı çəkilir, bütün ümidlər bu böyük şəxsiyyətlə bağlanır. Heydər Əliyev şəxsiyyətinə olan inam, Azərbaycan xalqının gələcək ümidlərini və nicatını onunla bağlaması Yeni Azərbaycan Partiyasının yaranmasına təkan verdi. Azərbaycanın ən yeni tarixinin parlaq səhifələrindən biri olan Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvanda  təsis edilmiş və Ulu Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçilmişdi. YAP-ın yaranması, ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi isə respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə olmuşdu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına törətdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilməmişdi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını duyur və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər.

Noyabrın 21-də Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının 31-ci ildönümü qeyd olunacaq. 31 ildir ki, Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Dövlətimizin başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 20 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu gün Yeni Azərbaycan Partiyasının fəaliyytində, onun qurucusu olan Ümumilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır. Bundan sonra da Qarabağ fatehi, yenilməz sərkərdə, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ Zəfərindən sonra yeni reallıqlar fonunda parlaq gələcəyə doğru daha da inamla irəliləyəcək.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button