Analitika

Güc Birlikdədir

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.   Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.  Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir.  “Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir” bu sözlərin prezidentimiz tərəfindən  ifadə edilməsi xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.   

Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir  onlardan 6-sı artıq keçirilmişdir. Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək.  Hamıya məlumdur ki, Qardaş Türkiyə Cümhuriyyəti Vətən müharibəsində birmənalı şəkildə Azərbaycanın yanında olduğunu sözdə və əməldə nümayiş etdirdi.

2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini salaraq qeyd etdi ki: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

İki dövlət arasında ticarət dövriyyəsi də  sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıb və gələcəkdə də artacağı müşahidə edilir.  Birgə həyata keçirilən layihələr bunu təmin edəcək. Qeyd edək ki, Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır.  İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir.  Göründüyü kimi, Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə uğurla inkişaf edir. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən iki və çoxtərəfli çərçivədə əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli istifadə edir. Iki ölkə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq bağının mühüm göstəricisidir. İki ölkə arasında əlaqələrin hərbi, müdafiə sənayesi, siyasi, iqtisadi və digər bütün sahələr üzrə dinamik artımda davam etməsi böyük bir coğrafi məkanda iqtisadi yüksəlişə təkan verir. Bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarımızın qardaşlıq münasibəti tarixi rol oynayır.

Ülviyyə Məmmədova,
Xəzər rayonu, 26 nömrəli tam orta məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button