Analitika

Gənclər xalqımızın ən böyük və qiymətli sərvətidir

Ümummlilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qaydışından sonra ən çox diqqət verilən sahələrdən biri Azərbaycan gəncliyi və onun qarşılaşdığı problemlər idi. Azərbaycanda əsası 1994-cü ildən ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz bu prinsiplər əsasında formalaşıb və müvafiq hüquqi sənədlərdə də öz əksini taparaq həyata keçirilir. Odur ki, yetkin dövlət təfəkkürlü, yüksək intellektli, milli dəyərlərə bağlı sağlam mənəviyyatlı gəncliyin formalaşdırılması bu siyasətin əsas istiqamətlərindən birini təşkil edir.Gənclik cəmiyyətdə böyük qüvvədir. Hər bir ölkənin gələcəyi gənclərin sosial-siyasi fəallığından çox asılıdır. Milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər və idman siyasətinin müəyyən edilməsi, həyata keçirilməsi üçün Ulu Öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-ci ildən başlayaraq  Prezident  Heydər Əliyevin müvafiq  sərəncamına əsasən hər il fevralın 2-də Azərbaycanda Gənclər günü qeyd olunur. Bu, Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Qeyd etmək lazımdır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunur.Yeni nəslin hərtərəfli inkişafının əsas şərtlərndən biri gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında aktiv iştirakının təmin edilməsidir. Fərəhli haldır ki, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin aparıcı xəttini məhz bu mühüm konsepsiya təşkil edir. Bu konsepsiyaya əsaslanaraq gənclərlə iş sahəsində görülən işlər, həyata keçirilən dövlət siyasəti Azərbaycan gəncliyinin inkişafına böyük təkan verib, onun cəmiyyətdə özünü təsdiq etməsində böyük rol oynayıb. Heydər Əliyev hər zaman gənclərin işi üzrə məsələləri, onlara olan qayğının vacibliyini önə çəkərdi. Məhz ulu öndərin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıb. Bu forumlarda gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, onların hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında vəzifə kimi qoyulub. 1996-cı il fevralın 2-də keçirilən I Forumda ulu öndər Heydər Əliyev “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyərək gənclər qarşısında tarixi bir vəzifə qoydu. I Forumdan sonra gənclərlə aparılan işin canlandığını nəzərə alaraq Heydər Əliyev 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü – fevralın 2-ni “Azərbaycan Gənclər Günü” elan etdi. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il fevralın 2-si Azərbaycan gənclərinin bayramı kimi dövlət səviyyəsində qeyd olunur.  Cənab Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Dövlət tərəfindən gənclər üçün  geniş imkanlar yaratmış, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətimizin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Bizim borcumuz bu sərvəti qorumaqdır. Ümummilli Liderin sözləri ilə desək, “Yalnız milli xarakterli, düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər”.Gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində  müstəqillik illərində əldə olunan ən böyük uğrlardan biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşması olmuşdur. Cənab Prezident İlham Əliyevin bütün çağırışlarına cavab verən Azərbaycan  gəncliyi bunu 2-ci Qarabağ müharibəsi zamanı sübut etdi. 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri bütünlüklə səfərbər oldu. Ermənistan ordusunun təxminən 10 min əsgəri fərarilik edərək döyüş müydanından qaçdığı halda , Azərbaycan gəncləri könüllü şəkildə orduya yazılmaq üçün növbələr gözlədi, döyüş meydanında qəhrəmanlıq nümayiş etdirdi. Bu müharibə əsil vətənpərvərlik meydanına çevrildi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri bir daha sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu  gənclər siyasəti  cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bundan sonra da bu siyasət davam etdiriləcək.

Aynur Həsənova ,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button