Analitika

Gənc nəslə diqqət dövlət siyasətinin əsas prioritetidir

Hər bir xalq tarixinin ən çətin dövrlərində müqəddəratını, öz xoşbəxt gələcəyi barədə arzularını, inamını, ümidlərini daha çox gənclərə bağlayır. Gənclər ölkəsinin, dövlətinin sülh şəraitində yaşadığı zaman qurucusu, müharibə ilə üzləşəndə isə döyüşçüsü olurlar. Bunun üçün gələcəyini düşünən hər bir ölkə, hər bir xalq gənc nəslin yetişdirilməsinə böyük diqqət göstərir. Onları düzgün tərbiyə etməyə çalışır, cəhalətə, savadsızlığa, nadanlığa düçar olmalarına yol vermirlər.

Gənclərinə böyük ümidlər bəsləyən müstəqil Azərbaycan dövləti onların inkişafı istiqamətində mühüm işlər həyata keçirir. Hələ 1994-cü ildə gənclərlə bağlı dövlət siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı ildən Azərbaycan gənclərinin forumları təşkil olunur. Ölkəmizdə 170-dən çox gənclər təşkilatı dövlət qeydiyyatına alınıb. Prezident İlham Əliyevin 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan gəncliyi 2005-2009-cu illər Dövlət Proqramı” uğurla həyata keçirildi. 2006-cı ildə ölkə başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyuldu.

Müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi qoruyub yaşadır. Müstəqil Azərbaycanın adı onun bu gününü və gələcəyini düşünən, yüksək vətəndaşlıq hisslərinə malik olan gənclərimizin xoş əməlləri ilə hər gün bir boy da ucalır. Ən böyük zəfərlərimiz isə qabaqdadır. Azərbaycan tarixin qalibiyyət səhifələrinə öz yeni uğurlarını, möhtəşəm qələbələrini yazacaq. Üzərinə düşən vəzifənin, məsuliyyətin böyüklüyünü yaxşı bilən Azərbaycan gəncliyi həmin səhifələrdə möhtəşəm yer tutacaq.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.

Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmişdir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.
Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Müdrik dövlət xadimi gənclərə böyük ümidlərlə baxaraq cəmiyyətin aparıcı qüvvəsinə inam bəsləyirdi.

Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Ölkə başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və “2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. Azərbaycanda gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Fond rəhbərliyinin təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil dövlətimiz naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, dövlətimizin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.

Azərbaycan gənclərinin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alınaraq, 30 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalanıb. Bu tədbirlərin davamı kimi, 2022-ci ilin dekabrında Bakıda Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan könüllülərinin V həmrəylik forumu keçirilib. Forumda qeyd olunub ki, 2022-ci ildə ölkə başçısının könüllülüyün təşviqi ilə bağlı müvafiq tapşırıqlarına uyğun olaraq reallaşdırılan 500-ə yaxın layihədə on minlərlə gənc iştirak edib. Layihələr ölkəmizin 65 şəhər və rayonunu əhatə edib. 2022-ci il həm də “Qayıdış Könüllüləri” proqramının start verilməsi ilə yadda qalıb. 2022-ci ilin Qarabağın incisi olan mədəniyyət paytaxtımız Şuşada Diaspor Gənclərinin III Yay, Şuşa və Bakı Gənclər İncəsənət Düşərgələrinin keçirilməsi, orada müxtəlif ölkələrdən çoxsaylı gənclərin iştirakı onların təşkilatlanması və diaspor fəaliyyətinin davamlılığının təmin olunmasında əhəmiyyəti böyükdür.

Xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin “Şuşa İli”ndə qədim şəhərdə vahid platforma ətrafında bir araya gəlməsini və ölkəmizlə daha yaxından tanış edilməsi müsbət hadisə kimi qiymətləndirmək olar. Sosial həyatın bütün sferalarında gənclər əksəriyyət təşkil edir. Bu, dövlətimizin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Azərbaycan gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstəricisi kimi 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsini göstərmək olar. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncama əsasən, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə şəhər və rayonlardakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir.

Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323№li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button