
Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsadüfi deyil. Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik. Ona görə hesab edirəm ki, sizin Bakıda olmağınız və bir yerdə tədbirlərdə iştirakınız, yenə də deyirəm, həm bölgəmizə, həm dünyaya çox ciddi və birmənalı mesajlar verəcəkdir.
Təbii ki, indi türk dövlətlərinin müsəlman liderlərinin görüşləri müxtəlif ölkələrdə keçirilir və sıra ilə keçiriləcək. Amma bax, bu konfrans ki, keçirilir, bunu biz ənənəvi edə bilərik. Ənənəvi edə bilərik, ya hər il, ya iki ildən bir ki, bu, həm gözəl bir toplantı kimi, həm fikir mübadiləsi, həm müzakirə, həm də birliyin nümayişi olsun. Ona görə bu haqda da fikirləşin. Yenə də təşəbbüsü mən irəli sürürəm, sizdən də konkret təkliflər gözləyirəm.
Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır.Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir – XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir.
Elbrus Əliyev,
YAP fəalı, Hacıqabul şəhər Natiq Ağayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru



