Gələcəyimizə hesablanan uğurlu gənclər siyasəti
Müasir gənclik gördüyü işlə, qazandığı nailiyyətlərlə ölkəmizin daha da inkişafına layiqli əməlləri ilə töhfə verir. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclik sağlam ruhlu, sağlam düşüncəli gənclikdir. Azərbaycan gəncliyi hər zaman ictimai həyatın bütün sahələrində fəal mövqe sərgiləyərək, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirən Azərbaycan gəncliyi, ölkədə gedən proseslərin önündə gedərək dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman, ordu və digər sahələrdə uğurla çalışaraq, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Bu günün gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin nəticəsi olaraq həyata keçirilən tədbirlər onların həyatında geniş imkanlar açmış oldu. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnənərək ölkəmizə töhfələr vermişdilər. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil alması, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanması məhz Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinnin təzahürüdür. Ulu Öndər müstəqillik dövründə də bütün sahələrdə olduğu kimi, gənclərə də önəm verərək, onların təşkilatlanmasına xüsusi diqqət ayırıb. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, dövlət proqramlarının qəbulu, “Dövlət-gənclər siyasəti haqqında” Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilməsi əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi.
Azərbaycanda fevral ayının 2-nin Gənclər Günü kimi qeyd edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. “Bizim hamımızın vəzifəsi Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir, gənclərimizi bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır, respublikamızın gənclərini Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir”, – deyə Ulu Öndər Heydər Əliyev bildirmişdir.
Son iyirmi ildə həyata keçirilən tədbirlər, islahatlar, dövlət proqramları əsasında deyə bilərik ki, gənclərə qayğı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gəncliyin problemlərinin həlli, milli adət-ənənələrə, dövlətə bağlılığı üçün dövlət səviyyəsində həyata keçirilən bütün zəruri tədbirlər sağlam düşüncəli və ruhlu, vətənpərvər gənclər ordusunu yetişdirib. Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti Onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət tərəfindən həyata keçirilən tədbirlər öz nəticəsini verir. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün “Prezident Mükafatı”nın təsis edilməsi, gənclər forumlarının keçirilməsi gənc nəslin hərtərəfli inkişafını stimullaşdırıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar açıb. Dövlət Proqramı çərçivəsində gənclərə dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq imkanı verildi. Prezident İlham Əliyev çıxışlarının birində Azərbaycan gəncliyinə inamını ifadə edərək bildirib ki, hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır: “Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır”.
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam, eləcə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə geniş imkanlar açıb.
Bakıda və regionlarda istifadəyə verilən “Gənclər ev”ləri (mərkəzləri), olimpiya idman mərkəzləri gənclərin maraq dairəsini genişləndirib, asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaradıb. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlib, onların idarəetmədəki rolu artıb. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə qürurla yüksəlir. İdmançılarımız Avropa Oyunlarında komanda hesabında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutdu.
Bütün bunlarla yanaşı, ölkəmizdə könüllülük hərəkatı inkişaf edib. Son illər ölkəmizdə həyata keçirilən beynəlxalq və qitə miqyaslı tədbirlərdə, o cümlədən, idman yarışlarında gənclərin könüllülər qrupunda təmsil olunması vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalaşmasını özündə təcəssüm etdirir. Könüllülük fəaliyyəti gənclərdə faydalı əmək və həmrəylik kimi dəyərlər aşılamış olur.
Görülən işlər və həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanın gələcəyini etibar edəcək gənclik yetişib. Bu gənclik dövlətin gənclərə ayırdığı diqqət nəticəsində formalaşıb. Gənclərə ayrılan daha bir diqqətdir ki, ölkəmizin bir neçə şəhəri müxtəlif illərdə Azərbaycanın “Gənclər paytaxtı” elan edilib. 2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunur. Bu günədək Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Mingəçevir kimi şəhər və rayonlarımız Azərbaycanın “Gənclər paytaxtı” seçilib. “Gənclər Paytaxtı” 1 il müddətinə seçilir. Bu müddət ərzində, həmin şəhər və rayon gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir. Bütün bu və ya digər layihələr, həyata keçirilən tədbirlər gənclərin ictimai-siyasi fəallıqlarına, müxtəlif sahələrdə uğurlar əldə etməsinə yeni yollar açır.
Azərbaycan gənci üzərinə düşən ən böyük məsuliyyəti dərk edərək işğal altında olan torpaqlarımızı qanı, canı bahasına azad etdi. Hər yerdən olduğu kimi gənclərimizin səsi müharibə bölgələrindən də eşidildi. Minlərlə gəncimiz vətən torpaqlarının azadlığı uğrurunda şəhid oldu. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğulların şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Bu qələbədə minlərlə azərbaycanlı gəncin payı var. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgsini bir daha göstərimiş oldu. “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Azərbaycan gəncləri bundan sonra da gördüyü işlərlə, qazandığı yeni-yeni nailiyyətlərlə ölkəmizin daha da inkişaf etdirilməsinə öz töhfələrini verəcəklər.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri