AnalitikaGündəmSiyasət

Füzulinin Azadlığı – Qürur Günümüz

17 oktyabr tarixi Azərbaycan xalqı üçün böyük mənəvi və tarixi əhəmiyyət daşıyan bir gündür. Bu gün qəhrəman Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində 2020-ci ildə işğaldan azad olunmuş Füzuli şəhərinin azadlıq günüdür. Füzulinin azad edilməsi Vətən müharibəsinin ən önəmli mərhələlərindən biri olmuş, Azərbaycan əsgərinin yenilməzliyini, xalqın birliyini və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsini bir daha nümayiş etdirmişdir.
Füzuli şəhəri 1993-cü ildən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılırdı. Bu illər ərzində şəhər tamamilə dağıdılmış, mədəni, tarixi və sosial infrastrukturu yerlə-yeksan edilmişdi. Lakin 2020-ci ilin 17 oktyabrında Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə bu torpaqları düşmən tapdağından azad etdi. Füzulinin azad olunması Cəbrayıl və Hadrut istiqamətlərindəki uğurlu əməliyyatların məntiqi davamı idi və müharibənin sonrakı mərhələsində strateji üstünlüyün təmin edilməsində mühüm rol oynadı.
Bu tarixi hadisə Azərbaycan xalqının qürur və iftixar mənbəyidir. Füzuli şəhərinin azad edilməsi həm də ədalətin, beynəlxalq hüququn bərpası demək idi. Məhz bu Qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində mühüm addım atdı.
Bu gün Füzuli şəhəri sürətlə yenidən qurulur. Azadlıqdan sonra burada genişmiqyaslı bərpa və tikinti işləri həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə istifadəyə verilməsi bu torpaqlara həyatın qayıdışının rəmzinə çevrilmişdir. Yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları tikilir, şəhər öz əvvəlki gözəlliyinə qovuşur.
17 oktyabr yalnız bir şəhərin azad olunma günü deyil, həm də milli qürur və birliyin təntənəsidir. Bu tarix Azərbaycan xalqının sarsılmaz iradəsinin, ordumuzun şücaətinin və dövlətimizin gücünün təcəssümüdür. Füzuli şəhəri günü hər il qürurla qeyd olunur və gələcək nəsillərə vətənə sevgi, torpağa bağlılıq və qəhrəmanlıq dərsi kimi ötürülür.

YAP Xəzər rayon təşkilatının məsləhətçisi,
Aida Əliyeva

Oxşar Xəbərlər

Back to top button