Analitika

Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur

Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və zəruri infrastruktur quruculuğunu, Böyük Qayıdış proqramını da qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Müharibənin başa çatmasından sonra reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin geniş vüsət aldığı ünvanlardan biri də Füzulidir.

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Füzulidə də quruculuq-bərpa işləri müharibə başa çatandan dərhal sonra başladı. İndi də intensiv şəkildə aparılan bu işlər müxtəlif istiqamətləri əhatə edir. Qürurverici haldır ki, müharibədən cəmi 9 ay sonra Füzulidə inşa edilən beynəlxalq hava limanı Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi.

Müharibənin başa çatmasından cəmi bir il sonra – 7 noyabr 2021-ci il tarixində Füzulidə daha bir əlamətdar hadisə yaşandı. Həmin tarixdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəfər yolu istifadəyə verildi. Zəfər yolunun keçdiyi ərazi əvvəllər cığır idi. Qəhrəman əsgərlərimiz məhz bu çığırdan keçərək Şuşanı işğaldan azad ediblər. Dövlətimizin başçısı tərəfindən yolun rəmzi olaraq Zəfər yolu adlandırılması da bununla bağlıdır.

İndi Füzuli rayonun ərazisində quruculuq işlərinin yeni mərhələsi başlayır. Bu mərhələdə yaşayış məntəqələrinin bərpa olunması da diqqət mərkəzində saxlanılacaq. İndiyədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb. Bu il martın 18-də Füzuli şəhərinin Baş planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 2022-2026-cı illərdə bərpaolunan yaşayış məntəqələri üzrə “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiqlənib, Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyası hazırlanıb və həmin sənədlərin də qısa müddət ərzində təsdiq edilməsi təmin olunacaq. Dövlətyarlı kəndində tikinti işlərinin avqust ayında, Pirəhmədli və Dədəli kəndlərində isə oktyabr ayında başlanılması planlaşdırılır. 2023-cü ildə Füzuli rayonunda daha 7 kəndin – Qarğabazar, Cuvarlı, Qoçəhmədli, Qarakollu, Qaraxanbəyli, Horadiz və Mirzəcamallı kəndlərinin layihələndirilməsi nəzərdə tutulur.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə  yaşayış məntəqələrinin bərpasında yeni yanaşmalar tətbiq edir. Belə ki, Prezident İlham Əliyevin tapşırıqlarına uğun olaraq bütün yaşayış məntəqələrinin bərpasında “Ağıllı kənd” və “Ağıllı şəhər” konseptlərindən istifadə olunur. İlk belə layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Ötən il həmin kəndə ilk sakinlər köçürüldü. Onlar yeni həyatlarından çox məmnundurlar. Füzuli rayonunun yaşayış məntəqələri də müasir tələblər səviyyəsində bərpa olunacaq. İşğaldan azad olunmuş ərazilərdə yeni yanaşmaların tətbiqi Azərbaycanın müasirləşmə siyasətini bir daha təzahür etdirir.

Yaqublu Şəfiqə,
Xəzər rayonu,
237 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button